Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun iqtisadçı alimləri Sankt-Peterburq Dövlət İqtisad Universitetində onlayn formatda təşkil olunmuş seminarda iştirak etdilər
SDU-nun iqtisadçı alimləri Sankt-Peterburq Dövlət İqtisad Universitetində onlayn formatda təşkil olunmuş seminarda iştirak etdilər
Noyabrın 23-də Sumqayt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin alimləri Sankt-Peterburq Dövlət İqtisad Universitetinin Ümumi iqtisadi nəzəriyyə və iqtisadi fikir tarixi kafedrasının təşkilatçılığı ilə “S.Q Kirdinanın ideyalarının kontekstində ziddiyyətli təsərrüfat sistemlərinin nəzəriyyəsi (“X-Y iqtisadiyyatı: instituisional təhlil” monoqrafiyasının əsasında) adlı onlayn formatda keçirilən seminarda iştirak etdilər.
Seminarda SDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova, kafedranın baş müəllimləri: i.f.d. Şəhla Cəmilzadə və Məhəmməd Əhmədov iştirak etdilər.
İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova çıxış edərək seminar iştirakçılarını salamladı və ali təhsil ocaqları arasında əlaqələrin xalqlar arasındakı münasibətlər kimi ortaq dəyərlər üzərində vüsət tapdığını vurğuladı. Qeyd etdi ki, hər iki universitet birlikdə elmi tədqiqatların aparılmasını, birgə seminar, konfrans, elmi tədbirlərin keçirilməsini yüksək dəyərləndirir. Ali təhsil müəssisələrinin əsas missiyası da dünya standartlarına uyğun çoxprofilli fasiləsiz təhsil və elmi tədqiqatlar sahəsində fundamental biliklərə, innovativ tədqiqat vərdişlərinə yiyələnmiş, beynəlxalq və milli əmək bazarında rəqabətədavamlı, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasından ibarətdir. Bu istiqamətdə belə seminarların keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Sonra dosent Lalə Mahmudova mövzu ətrafında çıxış etdi. Bildirdi ki, instituisional matrisa bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli olan, əsas ictimai sferaların fəaliyyətini tənzimləyən (iqtisadiyyat, siyasət, ideologiya) baza institutlarının tarixi baxımdan formalaşmış kompleksidir. X və Y matrisaları bir-birindən fərqlənir, onların hər birinin özünəməxsus xüsusiyyətləri vardır. İnstitusional matrisaların tipləri hər biri dövlətin maddi-texnoloji mühitinin xüsusiyyətlərinin təsiri altında formalaşır. Müasir dövrdə institusional matrisadan rəqəmsallaşma ilə əlaqədar yaranan suallara dolğun cavab tapmaq üçün istifadə olunur. X və Y matrisalı ölkənin iqtisadi sahəsini formalaşdıran dövlət və özəl mülkiyyəti institutu dövlətin informasiya cəmiyyətini formalaşdırma siyasətinə təsir edir. Bu gün dövlətin ölkə iqtisadiyyatının rəqəmsal sektorunda dəqiq payını müəyyənləşdirən konkret göstərici yoxdur. Alternativ kimi elektron hökümətin inkişaf indeksi təklif olunur. Rəqəmsal biznesin onlayn kompaniya və firmalarının yaradılması, telekommunikasiya şəbəkələrinin inkişafı dövlətin bilavasitə iştirakı ilə həyata keçirilir. Rəqəmsal transformasiya şəraitində dövlət və özəl mülkiyyətinin nisbəti, fikrimizcə, onlayn mühitdə dövlətin və biznesin iştirak payı ilə müəyyənləşir. Lakin dövlətin yerinə yetirdiyi funksiyalar daha genişdir. O yalnız xidmətlər göstərmir, həm də nəzarəti həyata keçirir. İnstitusional matrisa mülkiyyət hüquqlarının və cəmiyyətinin siyasi sistemlərinin bazis strukturdur. İqtisadi və siyasi institutlar bir-biri ilə qarşılıqlı əlaqəlidirlər və hər bir cəmiyyət ona məxsus institusional matrisanı formalaşdırır.
Seminarda İqtisadiyyat kafedrasının baş müəllimi Məhəmməd Əhmədov çıxış etdi. Bildirdi ki, Azərbaycanda institusional islahatlar sahəsində son illər ərzində çoxsaylı işlər görülür. Əldə olunan nailiyyətlərə ilk növbədə ölkə başçısı cənab İlham Əliyevin siyasi iradəsi, ölkədə mövcud olan ictimai-siyasi sabitlik, səmərəli dövlət idarəetməsi, iqtisadi inkişafın əsas məqsədlərinin dəqiq müəyyənləşdirilməsi, cəmiyyətin tələblərinin ödənilməsinə yönəlmiş dövlət proqramlarının və islahatların həyata keçirilməsi hesabına nail olunmuşdur. Ölkəmizdə islahatlar texnologiyası təkmilləşdirilir, bu da proqram idarəetmə hesabına baş verir. Son 18 il ərzində 200-dən artıq proqram xarakterli sənəd qəbul edilmiş, o cümlədən 12 strateji yol xəritəsi, 90-dan yuxarı dövlət proqramı, 20-dən yuxarı tədbirlər planı, 20-dən yuxarı tədbirlər proqramı, 15-dən yuxarı milli plan və proqramlar qəbul edilmiş və həyata keçirilmişdir.
Sonra mövzu ətrafında geniş müzakirələr aparıldı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az