Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı
Sumqayıt Dövlət Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı
Dekabrın 10-da Sumqayıt Dövlət Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalandı.
Görüşdə Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov, prorektorlar, dekanlar və Lənkəran Dövlət Universitetinin rektoru professor Natiq İbrahimov iştirak etdilər.
Rektor professor Elxan Hüseynov qonaqları salamladı, Lənkəran Dövlət Universiteti ilə qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə etdi. Qeyd etdi ki, bağlanacaq müqavilə hər iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacaq və elmi layihələrin həyata keçirilməsinə təkan verəcək. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, buradakı təhsil, tədris prosesi və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, region universitetləri yalnız təhsil, tədris və elmi-tədqiqat işləri ilə deyil, həm də regionda iqtisadi, sosial və mədəni mühitin inkişafında fəal rol oynayır. Tədqiqat və bilikyönümlü ali təhsil müəssisələri getdikcə daha çox təhsil verməklə yanaşı, bölgələrin iqtisadi, sosial və mədəni inkişafında da aktiv rol oynayır, əmək bazarı, məşğulluq sahəsinə töhfələr verir. Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində Sumqayıt Dövlət Universiteti ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilib. Şəhərimizin, eləcə də regionun elmi-mədəni elitasının formalaşmasını təmin edən Sumqayıt Dövlət Universitetində kadr potensialının inkişafı üçün müxtəlif layihələr gerçəkləşdirilir, mühüm uğurlara imza atılır.
Lənkəran Dövlət Universitetinin rektoru professor Natiq İbrahimov səmimi qarşılanmaya və imzalanacaq əməkdaşlıq müqaviləsinə görə SDU-nun rektoru professor Elxan Hüseynova dərin təşəkkürünü bildirdi. Rektor Natiq İbrahimov Lənkəran Dövlət Universitetində son illərdə görülən işlərdən, açılan yeni ixtisaslardan söz açdı. Universitetlər arasında elm-təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd etdi, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğuladı.
Əməkdaşlıq müqaviləsini Sumqayıt Dövlət Universiteti adından rektor professor Elxan Hüseynov, Lənkəran Dövlət Universitetinin adından rektor Natiq İbrahimov imzaladılar.
Qeyd edildi ki, imzalanacaq əməkdaşlıq müqaviləsi ölkənin kadr potensialının formalaşmasına, regionların sosial-iqtisadi və mədəni dirçəlişinə öz töhfəsini verəcəkdir. Müqavilədə əməkdaşlıq zamanı müəllimlərin, doktorantların, dissertantların, magistrantların və tələbələrin akademik mübadiləsi, magistrantların və bakalavriat tələbələrinin stajkeçmə və təcrübələrinin təşkili, qarşılıqlı surətdə qazanılmış kreditlərin tanınması, qabaqcıl tədris metodlarının tətbiqi və inkişaf etdirilməsi üzrə təcrübə mübadiləsi, aktual istiqamətlər üzrə birgə elmi tədqiqatların aparılması, simpozium, seminar, elmi-praktik konfrans, dəyirmi masa, telekörpülərin keçirilməsi və digər məsələlər öz əksini tapıb.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az