Azərbaycanın  nüfuzlu ali təhsil ocaqlarından biri və cəmiyyətin elmi-intellektual  potensialının inkişafına töhfələr verən Sumqayıt Dövlət Universiteti bu gün ölkəmizdə  aparılan təhsil islahatlarının prinsiplərinə, gələcəyə aparan yolun  strategiyasını müəyyənləşdirən meyarlara əsaslanaraq Azərbaycan Respublikası  Prezidentinin 22 may 2009-cu il tarixli   Sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illərdə Azərbaycan  Respublikasının ali təhsil sistemində islahatlar  üzrə Dövlət Proqramı”-nın Tədbirlər Planının  yerinə yetirilməsi ilə bağlı “Ali təhsil müəssisələrində təhsilalanların elmi  tədqiqat işinin təşkili haqqında Əsasnamə”nin və “Tələbə Elmi Cəmiyyəti  haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası təhsil  nazirinin 27 iyun 2014-cü il tarixli əmrindən irəli gələn məsələlərin həlli  istiqamətində universitetimizdə müvafiq işlər görülür. Ötən müddət ərzində,  sentyabr-dekabr aylarında təşkilati işlər həyata keçirilmişdir. Universitet  Tələbə Elmi Cəmiyyətinin strukturu yenidən formalaşaraq fakültə və universitet  TEC şuraları yaradılmış və şuralar fəaliyyətə başlamışdır. 
Bu gün  SDU-nun TEC-i elmi axtarışlara həvəs göstərən 550-dən çox tələbəni öz  sıralarında birləşdirir. Fakültələr üzrə tələbə elmi cəmiyyətlərinin səmərəli  işini təşkil etmək, kafedralarla, tələbə elmi-tədqiqat işlərinin rəhbərləri  ilə sıx əlaqələrin həyata keçirilməsini təmin etmək məqsədilə TEC-ə elmi  rəhbərlər təyin olunmuşdur.  
Tədris ili  ərzində həyata keçirilən tələbə elmi-tədqiqat işlərinin ümumi nəticəsi kimi  Sumqayıt Dövlət Universiteti Tələbə Elmi Cəmiyyəti üzvlərinin universitetin  müvafiq struktur bölmələrində təşkil edilmiş Tələbə Elmi Seminarlarında  dinlənilən məruzələri əhatə edən, bir növ hesabat xarakteri daşıyan və ilk  təcrübəmiz olan “Sumqayıt Dövlət  Universiteti Tələbə Elmi Cəmiyyətinin Seminar   materialları toplusu” nəşr olunmuşdur. Topluya universitetin 7  fakültəsində, 44 kafedrasında və 6 elmi tədqiqat laboratoriyasında yerinə  yetirilmiş, fevral-may aylarında fakültələr üzrə tələbə elmi seminarlarında  və universitetin yekun elmi seminarında dinlənilmiş məruzələrdən seçilən 78  məruzə daxil edilmişdir. 
Bu məqsədlə də universitetimizin  “Heydər Əliyev Mərkəzi”ndə Tələbə Elmi Cəmiyyətinin hazırladığı tələbələrin seminar materialları toplusunun təqdimatı  keçirildi.
Universitetin rektoru, professor Elxan  Hüseynov çıxışında bildirdi ki, müasir dövrdə ən inkişaf etmiş dövlətlərin  təcrübəsi təsdiqləyir ki, yalnız təhsil sistemi yüksək səviyyədə olan ölkələr  hərtərəfli tərəqqiyə nail olurlar. Bu gün təhsilimizin dövlət siyasətinin əsas  prioritetlərindən biri olması ümummilli lider Heydər Əliyevin təhsilin  inkişafına göstərdiyi müstəsna diqqət və  qayğısının davamıdır. 
Rektor vurğuladı ki, belə topluların nəşr olunması  tələbələrin elmi potensialını, yaradıcılığını üzə çıxarır, onlarda elmə həvəs  və maraq oyadır. Son illər universitetin təhsil-tədqiqat-innovasiya mərkəzinə  çevrilməsi tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsinə müsbət təsir  göstərmişdir. Ölkə başçısı cənab İlham Əliyevin elmin, təhsilin inkişafı,  mövcud problemlərin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər  SDU-nun da fəaliyyətinin müasir səviyyədə qurulmasına və inkişafına təkan  vermişdir. 
Dövlət başçısının Tələbə Elmi Cəmiyyətinin  fəaliyyətinin artırılmasına dair imzaladığı sərəncamdan irəli gələn bu əsasnaməyə  uyğun universitetimizin Tələbə Elmi Cəmiyyəti tələbələrin bilik səviyyəsini,  tədrisin stimulunu artırmaq məqsədilə onlarla qarşılıqlı iş qurur. Bu gün belə  nəfis şəkildə çap olunmuş toplu TEC-in uğurlu fəaliyyətinin göstəricisidir.
Universitetin Elm və innovasiyalar üzrə prorektoru,  professor Ramazan Məmmədov  çıxış edərək bildirdi  ki, müvəffəqiyyətli inkişafın əsasını bilik təşkil edir, onun yaradıcısı,  daşıyıcısı və tətbiq edəni isə insandır. Bu səbəbdən biliklərin əldə edilməsi  və fəaliyyətdə tətbiqi üçün ən vacib amil yalnız təhsildir. Məhz təhsil  intellektual potensialın formalaşdırılmasında, maddi sərvətlərin insan  kapitalına çevrilməsində         müstəsna    əhəmiyyət   daşıyır.
Seminarda  çıxış edən TEC-in elmi rəhbəri, dosent İslam Paşayev diqqətə çatdırdı ki, bu seminarları  keçirməkdə əsas məqsədimiz elmə, biliyə marağı olan tələbələri üzə çıxarmaq,  onlara elmi tədqiqat işlərinin aparılmasında köməklik etmək və  istiqamətləndirməkdir.   Bu günkü uğurumuz keçirdiyimiz silsilə  seminarların nəticəsidir. Mən inanıram ki, universitetimizin tələbələri Avropa  təhsil məkanında öz yerlərini tutacaq və universitetimizi layiqli təmsil  edəcəklər.
Bizə yaradılan şəraitə görə Prezident cənab İlham Əliyevə, təhsil naziri cənab Mikayıl  Cabbarova və rektor Elxan Hüseynova öz dərin təşəkkürümü bildirirəm.
Tədbirdə  tələbələrin sualları cavablandırıldı və fikir mübadiləsi aparıldı. Tələbələr  ilk  seminar məqalərinin toplu şəklində  çapdan çıxması münasibəti ilə  rektora  təşəkkür etdilər və ondan imza atmasını xahiş etdilər.
Sonda Tələbə Elmi Cəmiyyətinin  fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olundu.
Mətbuat xidməti
                
             