Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Gənclər Günü münasibətilə bir qrup tələbə mükafatlandırıldı
SDU-da Gənclər Günü münasibətilə bir qrup tələbə mükafatlandırıldı
Fevralın 1-də Sumqayıt Dövlət Universitetinin ictimai həyatında fəal iştirak etmiş bir qrup gənc Gənclər Günü münasibətilə rektor professor Elxan Hüseynov tərəfindən fəxri fərmanla təltif olundu.
Əvvəlcə rektor və təltif olunan tələbələr universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə böyük hörmət və ehtiramlarını bildirdilər. Sonra şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzdülər. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Mükafatlandırma mərasimi universitetin Kiçik Akt zalında davam etdi.
Rektor professor Elxan Hüseynov gəncləri bu əlamətdar gün münasibətilə təbrik etdi, bildirdi ki, bu gün respublikamızda həyata keçirilən gənclər siyasəti ölkənin intellektual potensialının inkişafına təkan verən amillərdəndir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Rektor ölkəmizdə “Gənclər Günü”nün qeyd edilməsinin gənclərə həmişə diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həllinə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlı olduğunu bildirdi. Qeyd etdi ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyev də daim gənclərə diqqət və qayğı ilə yanaşmış, onların inkişafı üçün hər cür şərait yaratmışdır. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi bu qayğının bariz nümunəsidir. Bu qanun Azərbaycan Respublikasında gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Ölkəmizdə gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı təminatıdır. Eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə xaricdə və ölkəmizdə reallaşan layihələr Azərbaycanın uğurlarının təbliğində, gənclərimizin fəallığının artırılmasında və onların fəaliyyətlərinin əlaqələndirilməsində mühüm rol oynayır. Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Rektor Elxan Hüseynov onu da qeyd etdi ki, son iki ildə Azərbaycan gəncləri öz bayramlarını həmişəkindən daha alnıaçıq, qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Bu da təsadüfi deyil. Xalqımız uzun illərdir gözlədiyi arzusuna qovuşdu. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi Qarabağ torpağını mənfur düşməndən – erməni faşistlərindən azad etdi. Tarixi qələbənin qazanılmasında orduda xidmət edən, eləcə də könüllü olaraq cəbhəyə yollanan Azərbaycan gəncləri böyük qəhrəmanlıqlar göstərərək, xalqımızın zəfər salnaməsinə öz adlarını yazdırdılar. Qürur hissi keçiririk ki, həmin gənclər arasında Sumqayıt Dövlət Universitetinin də yetirmələri var. Sumqayıt Dövlət Universitetinin müharibədə iştirak etmiş məzunları, çoxsaylı kollektivi də daim cənab Prezidentimizin, şanlı ordumuzun yanında olaraq, mənəvi və maddi dayaq kimi öz sədaqətini göstərdi. Sumqayıt Dövlət Universitetinin onlarla məzunu, tələbəsi, işçisi onların ailə üzvləri qəhrəmanlıqla döyüşdü, şücaət göstərdi, qalib əsgər adını qazandı. Vətən müharibəsində qazanılan Qələbə həm də minlərlə şəhidimizin qanı bahasına başa gəldi. Tələbələrimizdən bir neçəsi döyüşlərdə qəhrəmancasına şəhid oldular. Onların xatirəsi daim kollektivimizin qəlbində yaşayacaq, adları məğrurcasına yad ediləcəkdir.
Çıxış edən tələbələr universitetdə gənclərə göstərilən diqqət və qayğıya görə rektor professor Elxan Hüseynova təşəkkürlərini bildirərək qeyd etdilər ki, gənclər bundan sonra da Heydər Əliyev irsinə sadiq qalacaq, dövlətimizin parlaq gələcəyi və Vətənimizin inkişafı naminə böyük səylə çalışacaq, Prezident cənab İlham Əliyevin göstərdiyi etimadı doğruldacaqlar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az