Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Ana dilimizi sevək və qoruyaq” mövzusunda onlayn formatda dəyirmi masa keçirildi
SDU-da “Ana dilimizi sevək və qoruyaq” mövzusunda onlayn formatda dəyirmi masa keçirildi
Fevralın 19-da Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizi sevək və qoruyaq” mövzusunda onlayn formatda dəyirmi masa keçirildi.
Tədbirdə SDU-nun Filologiya fakültəsinin professor-müəllim heyəti, magistrant, doktorant və dissertanları, qonaq qismində isə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri prof. Sayalı Sadıqova, Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru prof. Sevinc Əliyeva, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Televiziya və radio jurnalistikası kafedrasının professoru, Azleks.az elektron lüğətlər toplusunun baş redaktoru prof. Qulu Məhərrəmli iştirak etdilər.
Əvvəlcə Bəxtiyar Vahabzadənin “Ana Dilim” şeirindən ibarət videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq, universitetin rektoru professor Elxan Hüseynovun salamlarını tədbir iştirakçılarına, qonaqlara çatdırdı və 21 Fevral ‒ Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən, ədəbi dil normalarının qorunmasının vacibliyindən danışdı. Qeyd etdi ki, 21 fevral 2000-ci ildən etibarən dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur, keçirilməsində məqsəd dünya xalqlarının dil və mədəniyyət rəngarəngliyinin, məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunmasıdır. Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında müstəsna əhəmiyyət kəsb edir. Hər bir insan öz ana dilini yaxşı bilməli, onun saflığını qorumalıdır.
Prorektor onu da qeyd etdi ki, bir çox dövlətlərdə olduğu kimi, respublikamızda da bu əlamətdar gün qeyd olunur. Sevindirici haldır ki, dilimizə qayğı göstərmək, onu qorumaq, təbliğ etmək kimi məsələlər ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması dilimizin gözəl bilicisi, mahir natiq Ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə Azərbaycan dilində mətbuatın, mədəniyyətin, elm və təhsilin inkişafı üçün böyük işlər görülüb, dövlət dilinin ictimai-siyasi və mədəni mövqeyinin yüksəlməsinə nail olunub. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi də Ulu öndərin adı ilə bağlıdır. Hələ sovet dövründə ana dilimizin qorunması və inkişaf etdirilməsi, Azərbaycan dilinin dövlət dili statusunun təmin edilməsi ilə bağlı ümummilli lider Heydər Əliyev tarixi işlər gerçəkləşdirmişdi. Məhz Ulu öndərin qayğı və diqqəti nəticəsində o dövrdə Azərbaycan dili ölkəmizdə dövlət dili kimi
rəsmiləşdi. Bu məsələ konstitusiyada da xüsusi maddə ilə təsbit olundu. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi və təsbit olunması həmin dövr üçün milli əhəmiyyətli hadisə idi. Prorektor onu da vurğuladı ki, ümumiyyətlə, Ulu öndər Heydər Əliyevin öz ana dilinə sevgisi, onun qorunması və zənginləşməsi ilə bağlı gördüyü işlər tariximizdə ciddi bir istisnalıq təşkil edir və hər bir soydaşımız üçün əbədi bir örnəkdir. Böyük rəhbər iftixarla deyirdi: “Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!” Prezident İlham Əliyev də milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək demişdir: “Bizi millət kimi qoruyub-saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Ölkə rəhbəri müxtəlif çıxışlarında, insanlarla söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə həmişə dövlət atributlarına, xüsusilə də, Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun fəzilətlərindən söz açır.
Tədbirdə prof. Ramazan Məmmədov “Azərbaycan dili dövlət dilidir”, prof. Sayalı Sadıqova “Azərbaycan dili milli-mənəvi sərvətimizdir”, prof. Sevinc Əliyeva “Beynəlxalq aləmdə Azərbaycan dilinin nüfuzunun genişlənməsi”, prof. Qulu Məhərrəmli “İnternet mediası və teleradio verilişlərində Azərbaycan dili normalarının gözlənilməsi problemləri” mövzularında çıxış etdilər. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən söz açdılar. Qeyd etdilər ki, hazırda bu ənənələri Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamları, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman və bu istiqamətdə görülən işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. Azərbaycan dilinin saflığı və onun qorunması məsələsindən danışıldı, dövlətin uğurlu dil siyasəti aparması vurğulandı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanının dilimiz üçün əhəmiyyəti yüksək qiymətləndirildi. Ana dilimizin saflığını qorumaq və onu
dərindən öyrənməyin hər bir azərbaycanlı gəncin vətəndaşlıq borcu olduğu qeyd edildi.
Tədbirdə alimlər mövzu ilə əlaqədar yaranan sualları ətraflı cavablandırdılar və tədbirin təşkilinə görə SDU-nun rəhbərliyinə və professor-müəllim heyətinə minnətdarlıqlarını bildirdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az