Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi
SDU-da Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi
Fevralın 25-də Sumqayıt Dövlət Universitetində karantin qaydalarına əməl olunmaqla Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə universitetin rəhbərliyi və tələbə heyəti şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət etdi və abidə önünə gül dəstələri düzdülər. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Tədbir iştirakçıları tələbələrin əl işləri və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirdilər.
Tədbir Böyük Akt zalında davam etdi. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan rektor professor Elxan Hüseynov Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs etdi, bu faciəyə uzanan yoldan və bəşəriyyət əleyhinə törədilmiş cinayətdən danışdı. Bildirdi ki, 1992-ci il fevralın 26-da ermənilər xalqımıza qarşı xüsusi qəddarlıqla və böyük amansızlıqla Xocalı qətliamını törətdilər. Xocalıda dinc mülki əhali, o cümlədən körpələr, qadınlar, qocalar xüsusi vəhşiliklə qətlə yetirildi. Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş böyük hərbi cinayətdir. Ermənistanın silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının yaxından köməyi, xarici ölkələrdən gələn erməni yaraqlılarının iştirakı ilə köməksiz insanlara qəflətən hücum etmişlər. Bu soyqırımı nəticəsində həmin gecə Xocalıda 613 nəfər qətlə yetirilmişdir. Rektor onu da vurğuladı ki, Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Bu sahədə məqsədyönlü fəaliyyətə ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıldı. Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi əsl siyasi və hüquqi qiymətini aldı. 1994-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul etdi. O dövrdən başlayaraq dünya azərbaycanlıları soyqırımının bütün dünyada tanıdılması istiqamətində fəallığa çağırıldı, bununla əlaqədar onlara müraciət edildi. Həmin vaxtdan Azərbaycan diasporu Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal iş görməyə başladı. Xocalı soyqırımı qurbanlarının xatirəsi bu gün dünyanın yüzlərlə şəhərində anılır. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri var. Fond Xocalı soyqırımı ilə əlaqədar xarici ölkələrdə layihələr həyata keçirir. Məqsəd bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması və erməni vəhşiliklərini əks etdirən materialların beynəlxalq təşkilatlar qarşısında nümayiş etdirilməsidir. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kompaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunur. Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində əks olunur.
Rektor Elxan Hüseynov onu da qeyd etdi ki, xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində Vətən müharibəsində parlaq Qələbə qazanmaqla, Xocalı soyqırımının intiqamını aldı. Sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin uzaqgörən, müdrik, qətiyyətli siyasəti, yenilməz iradəsi, sərkərdəlik məharəti və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində xalqımızın böyük tarixi Qələbəsi ilə başa çatdı. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və xalqımızın 30 illik torpaq, yurd həsrətinə son qoyuldu. Xalqımız Xocalı faciəsini heç vaxt unutmayacaq. Faciə zamanı həlak olan insanların xatirəsi həmişə ehtiramla yad olunacaqdır.
Tədbirdə Xocalı sakini, eləcə də faciənin şahidi Aydın Əliyev 30 il öncə baş verən hadisələri ürək ağrısı və göz yaşları ilə xatırladı. Qeyd etdi ki, şəhərin digər sakinləri kimi onun da ailə üzvləri, yaxın qohumları o müdhiş gecədə erməni silahlıları tərəfindən amansız işgəncələrə məruz qaldılar. Yalnız təsadüf nəticəsində sağ qaldığını bildirərək, bu faciənin qan yaddaşımızdan heç zaman silinməyəcəyini vurğuladı. Bildirdi ki, həmin gecə yaddaşına bir kabus kimi həkk olunub. Üstündən illər ötsə də, xocalılılar hələ də o dəhşətli hadisələrin ağrı-acısını yaşayır, dinc əhaliyə qarşı törədilən vəhşiliklərin təsirindən çıxa bilmirlər.
Aydın Əliyev onu da qeyd etdi ki, Vətən müharibəsinin gedişatında Ermənistanın Gəncəni, Bərdəni, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alması bir daha sübut etdi ki, zamanla metodlar dəyişsə də, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı ilə başladığı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində qələbə çalaraq Xocalı qurbanlarının və bütün şəhidlərimizin intiqamını aldı.
Tədbir “Unudulmayan Xocalı” adlı ədəbi-bədii kompozisiya ilə başa çatdı.
Sonda rektor hazırladıqları kompozisiyaya görə universitetdə təhsil alan yerli və əcnəbi tələbələrə təşəkkürünü bildirdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az