Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi
Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi
Martın 3-də Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti onlayn formatda iclası keçirildi.
Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamladı, gündəlikdə olan məsələlər barədə məlumat verdi və universitetin tədris-elmi fəaliyyəti üzrə inkişafından danışdı. Təhsilin keyfiyyətinin yüksəldilməsinə, elmi fəaliyyətin gücləndirilməsinə, insan resurslarının inkişafına, müəllimlərin iş şəraitinin daha da yaxşılaşmasına xidmət edən məsələlərə toxundu. Rektor mövcud pandemiya şəraitində tələbələrin tədrisinin təşkilinin xüsusi diqqət mərkəzində saxlanıldığını, təlim-tədris prosesinin yüksək səviyyədə təşkil olunduğunu söylədi.
Sonra gündəlikdə olan məsələlərin müzakirəsinə başlanıldı.
Gündəlikdəki ilk məsələ ilə bağlı “Universitet üzrə yeni ixtisasların tədris-metodiki vəsaitlərlə və texniki vasitələrlə təminatı” barədə fakültə dekanları çıxış etdilər. Bildirdilər ki, 2022/23-cü tədris ilində Riyaziyyat fakültəsi üzrə “İnformatika müəllimliyi”, Mühəndislik fakültəsi üzrə Mexatronika və robototexnika, Kimya və biologiya fakültəsi üzrə Qida mühəndisliyi, Filologiya fakültəsi üzrə Korreksiyaedici təlim və Musiqi müəllimliyi, Tarix və coğrafiya fakültəsi üzrə Beynəlxalq münasibətlər və Sosial iş, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə Dövlət və bələdiyyə idarəetməsi və Turizm işinin təşkili ixtisasları üzrə tələbə qəbulu planlaşdırılmışdır.
Çıxışçılar onu da qeyd etdilər ki, tələbə qəbulunun proqnoz-planında nəzərdə tutulan yeni ixtisaslar üzrə tədris-metodiki vəsaitlərin yəni tədris planları, fənn proqramları, sillabuslar, dərs vəsaitləri və digər zəruri materialların vaxtında hazırlanması, yeni ixtisaslara tədris olunacaq fənlər üzrə müəllimlərin müəyyənləşdirilməsi həm fakültə dekanlarına, həm də kafedra müdirlərinə tapşırılıb.
“Sabahın alimləri” XI Respublika müsabiqəsinin nəticələri barədə Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri prof. Cavanşir Məmmədov məlumat verdi. Bildirdi ki, 2012-ci ildən başlayaraq Azərbaycanda “Sabahın alimləri” Respublika müsabiqəsi keçirilir. “Sabahın alimləri” XI Respublika müsabiqəsinə Sumqayıt Dövlət Universiteti tərəfindən təqdim olunan 36 layihə müsabiqənin final mərhələsinə keçmiş, onlardan Mühəndislik, Biologiya, Ekologiya, Kimya, Tibb və sağlamlıq və Fizika ixtisasları üzrə 9 layihə mükafata layiq görülmüşdür.
Rektor “Sabahın alimləri”, Startap və digər innovasiyalar üzrə müsabiqələrə SDU-nun layihələrinin təqdim olunmasında göstərdiyi fəaliyyətinə görə Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri, Elmi Tədqiqatların Tətbiqi İnnovasiya Mərkəzinin rəhbəri prof. Cavanşir Məmmədova təşəkkür elan etdi.
Sumqayıt Dövlət Universiteti üzrə əməkdaşların və tələbələrin peyvəndlənmə prosesində iştirakının nəticələri barədə Kadrlar şöbəsinin müdiri Nofəl Əhmədov, Tədris-Metodiki Mərkəzin nəzdində Tədris bölməsinin müdiri Sabir Behbudov və fakültə dekanları koronavirus pandemiyası ilə əlaqədar SDU-da keçirilən sanitar-epidemioloji tədbirlər və əməkdaşların, tələbələrin vaksinasiya prosesində iştirakının vəziyyəti barədə çıxış etdilər. Qeyd etdilər ki, koronavirus (COVID‒19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin 24 fevral 2022-ci il tarixli (№52) qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 1 may 2022-ci il tarixinədək uzadılmışdır. Bu istiqamətdə SDU-da COVID–19 infeksiyasına yoluxmanın qarşısını almaq üçün universitetin hər üç tədris korpusunda mütəmadi dezinfeksiya işləri həyata keçirilir, sanitar-epidemioloji tədbirlər daim diqqət mərkəzində saxlanılır və yerinə yetirilir. Ümumilikdə əməkdaşlar üzrə peyvəndlənmə kifayət qədər mütəşəkkil formada həyata keçirilmişdir. O cümlədən SDU-da əyani və qiyabi təhsil alan tələbələrin peyvəndlənməsi istiqamətində Tədris Metodiki Mərkəz və fakültə dekanlıqları tərəfindən səmərəli və məhsuldar işin aparılması nəticəsində tələbələrin əksəriyyəti peyvənd olunmuşlar. Peyvəndlənmənin nəticələri mükəmməl statistik təhlil formasında tərtib edilmişdir.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi. Bununla da, rektorluğun onlayn iclası başa çatdı.
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az