Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirildi
Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının növbəti iclası keçirildi
Martın 16-da Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının yeni tərkibdə birinci iclası ənənəvi formatda keçirildi.
Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamladı, Elmi Şuranın üzvlüyünə yeni seçilən əməkdaşları təbrik etdi, həmçinin universitetin professor-müəllim və tələbə heyətini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi, ən xoş arzularını çatdırdı. Sonra gündəlikdə duran məsələlər barədə məlumat verdi.
Gündəlikdə duran məsələlərlə bağlı Gənc Alimlər Şurasının sədri dosent Xəyalə Mürsəliyeva SDU-nun Gənc Alimlər Şurasının hesabatını verdi. Bildirdi ki, SDU-nun Gənc Alimlər Şurasının 2021‒2022-ci illər üzrə Fəaliyyət planı universitetin 2020‒2025-ci illər üzrə Strateji inkişaf planına uyğundur. SDU-nun Gənc Alimlər Şurasının üzvləri “British Council” in “Clarivate Analytics” in keçirdiyi seminarlarda və digər elmi innovasiyayönümlü tədbirlərdə, “ERASMUS+proqramları” adlı vebinarlarda fəal iştirak ediblər.
Rektor qeyd etdi ki, gənc mütəxəssislərdən gözləntilərimiz çoxdur, gənc kadrlara hər zaman ehtiyac vardır, onların xarici dil bilmələri çox vacibdir. Universitetdə Linqvistik Mərkəz fəaliyyət göstərir. Bu mərkəzin imkanlarından gənclərimiz daha çox istifadə etməlidirlər. İngilis dili müəllimləri öz təşəbbüsləri ilə istedadlı gənclərin ingilis dili öyrənmələrinə köməklik göstərməlidirlər. Rusiya‒Azərbaycan Universitetləri Assosasiyası xətti ilə Rusiya universitetləri ilə əlaqələri daha da genişləndirməli, xarici ölkə universitetlərinin alimləri ilə birgə məqalələrin dərc olunmasına, ümumiyyətlə, birgə elmi-tədqiqat işlərinin aparılmasına ciddi səy göstərməlidirlər.
Sonra Gənc Alimlər Şurasının 2021‒2022-ci illər üzrə Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsinə nəzarət Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədova tapşırıldı.
Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova 2021‒2022-ci tədris ilinin payız semestrinin yekunu ilə bağlı SDU-nun tələbələri arasında keçirilən sorğunun nəticələri barədə məlumat verdi. Qeyd etdi ki, Təhsildə keyfiyyət təminatı şöbəsinin keçirdiyi sorğuda universitetin bütün fakültələrindən ümumilikdə 2561 tələbə iştirak etmişdir. Sorğuda istifadə olunan sualların təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına və ümumilikdə SDU-da təhsilin keyfiyyətinin ilbəil daha da yüksəldilməsinə xidmət etdiyini vurğuladı. Nərmin Həsənova onu da diqqətə çatdırdı ki, sorğuda iştirak edən tələbələrin böyük əksəriyyəti SDU-nun inkişafına yönəlmiş mütərəqqi işləri və aparılan tədbirləri müsbət qiymətləndiriblər. Həmçinin sorğuda iştirak edən tələbələrin irəli sürdüyü 3-cü tədris korpusunun təmir olunması, universitetdə əlavə fakültənin açılması və digər təkliflərə baxılması Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbova tapşırıldı. Rektor qeyd etdi ki, tələbələr arasında sorğunun keçirilməsi, ilk növbədə, onların fikirlərini öyrənməkdir, eyni zamanda onların dünyagörüşlərinin və intellektual səviyyələrinin formalaşmasına müsbət təsir göstərir. Ona görə də bu cür sorğuların tələbələr və müəllimlər arasında keçirilməsi məqsədəuyğundur.
Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi barədə Elmi katib professor Muxtar Səmədov məlumat verdi. Qeyd etdi ki, Elmi Şuraya 15 adda tədris vəsaiti daxil olub, onlardan 1-i monoqrafiya, 2-si dərs vəsaiti, 1-i metodik vəsait, 11-i fənn proqramıdır. Bütün tədris vəsaitləri müvafiq qaydaya uyğun olaraq mütəxəssis rəyləri ilə kafedra iclasında müzakirə olunub, fakültə Elmi Şurasında və Tədris Metodik Şurada baxılıb müsbət rəylə universitet Elmi Şurasına təqdim olunub. Aparılan müzakirələrdən sonra tədris vəsaitlərinin nəşr olunmasına icazə verildi. 
Bununla da, Elmi Şuranın iclası başa çatdı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az