Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun əməkdaşları Beynəlxalq ikili diplom proqramları üzrə TAIEX təlimində iştirak etdilər
SDU-nun əməkdaşları Beynəlxalq ikili diplom proqramları üzrə TAIEX təlimində iştirak etdilər
Martın 29-dan 30-dək Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX (Texniki yardım və informasiya mübadiləsi) proqramı çərçivəsində ali təhsil müəssisələrinin nümayəndələri üçün beynəlxalq ikili diplom proqramları, həmçinin beynəlmiləlləşmənin bəzi komponentlərinə dair onlayn təlim keçirilmişdir. Təlimdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov, Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri, həmçinin İspaniyadan beynəlxalq əlaqələr və beynəlxalq layihələr üzrə milli və Avropa universitetləri eksperti Eva Qarea Oya və Leon Universitetinin Beynəlmiləlləşmə xidmətinin direktoru Rafael de Paz Uruena da iştirak etdilər.
Təlimin məqsədi Azərbaycan ali təhsil müəssisələrində ali təhsilin beynəlmiləlləşdirilməsi üzrə Aİ-nin qabaqcıl təcrübələrini öyrənmək və beynəlxalq ikili diplom proqramları ilə tanış olmaq idi. 
Təlimin ilk günündə Təhsil Nazirinin müşaviri Nicat Məmmədli tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamladı və universitetlərin beynəlmiləlləşməsində ikili diplom proqramlarının əhəmiyyətini vurğuladı. 
Eva Qarea Oya “Beynəlxalq ikili diplom proqramlarının hazırlanması və həyata keçirilməsi” mövzusunda, Rafael de Paz Uruena “Ali məktəblərin beynəlmiləlləşməsi və əcnəbi tələbələrin qəbulu üçün strategiyalar” mövzusunda təqdimatla çıxış etdilər.
Tədbirin ikinci günündə Eva Qarea Oya “Beynəlxalq ikili diplom proqramları: Erasmus Mundus çərçivəsində mübadilə proqramları və akademik mobillik layihələri” və “Ali məktəblərin beynəlmiləlləşməsi: beynəlxalq reytinqlərdə iştirak”; Rafael de Paz Uruena “Kredit köçürməsi və qarşılıqlı tanınma” mövzülarında çıxış etdilər.
Sonda ABŞ-ın Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı üzrə çağırışlar və tövsiyələr barəsində çıxış etdi.
Qeyd edək ki, təlimdə Sumqayıt Dövlət Universitetindən Beynəlxalq Əməkdaşlıq və  əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayeva və Keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova iştirak etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az