Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | 31 Mart Soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir mövzusunda elmi praktik konfrans keçirildi
31 Mart Soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir mövzusunda elmi praktik konfrans keçirildi
Martın 30-da  Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının təşkilatçılığı ilə “31 Mart Soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir” mövzusunda elmi praktik konfrans onlayn formatda keçirildi. 
Öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Konfransı giriş sözü ilə fakültənin dekanı professor Adil Baxşəliyev açaraq bildirdi ki, 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 1998-ci il martın 26-da Ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən “31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Bakı soyqırımı” mövzusunda çıxış edərək qeyd etdi ki, Azərbaycanlıların soyqırımından bəhs ediləndə daha çox 1918-ci ilin martında Bakıda və digər bölgələrdə erməni hərbi qüvvələrinin törətdikləri qırğınlardan danışılır. 
1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlamışdılar. Qafqazın fövqəladə komissarı təyin edilən Stepan Şaumyan Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq, daşnak-bolşevik birliyi Şaumyanın rəhbərliyi ilə Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə çalışmışdır.
1918-ci il martın 31-də ermənilər tərəfindən Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etməklə uşaqdan böyüyədək hər kəsi vəhşicəsinə qətlə yetirmişdilər. 
Dosent Elmar Xəlilov “Quba soyqırımı” haqqında məlumat verərək bildirdi ki, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmuşdur. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir.
Baş müəllim Samin Qocayev “Şamaxı soyqırımı” mövzusunda çıxış etdi və bildirdi ki,  qədim Azərbaycan şəhəri Şamaxı 1918-ci ilin martında erməni-daşnak qüvvələrinin dəhşətli talan və vəhşiliklərinə məruz qalmışdır. Fövqəladə Təhqiqat Komissiyanın üzvləri tərəfindən Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər haqqında 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdır.
Baş müəllim Pərviz Cəfərov “Cənubi Azərbaycanda törədilmiş soyqırım”lar mövzusunda cıxış edərək qeyd etdi ki,  ermənilər I Dünya müharibəsinin meydana gətirdiyi şəraitdən istifadə edərək, Cənubi Azərbaycanda da soyqırımı törətmişlər. 1918-ci ildə ermənilərin Urmiya, Salmas və Xoy məntəqələrində azərbaycanlılara qarşı həyata keçirdiyi misilsiz vəhşiliklər, onların türk-müsəlman əhaliyə qarşı törətdiyi soyqırımı planlarının tərkib hissəsi idi. 
Baş müəllim Samir Məhərrəmov “Qarabağda törədilmiş soyqırımı” barədə məlumat verərək bildirdi ki,  ermənilər tərəfindən Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 157 kənd dağıdılmış və yandırılmış, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir. Bu dövrdə minlərlə azərbaycanlı Qarabağda ermənlər tərəfindən qətlə yetirilmişdir. 
Konfrans mövzu ətrafında müzakirələrlə davam etdi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az