Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun 60 illik yubileyinə həsr olunmuş IV debat-natiqlik turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirildi
SDU-nun 60 illik yubileyinə həsr olunmuş IV debat-natiqlik turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirildi
Aprelin 14-də Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi  və Debat klubunun təşkil etdiyi Sumqayıt Dövlət Universitetinin  60 illik yubileyinə həsr olunmuş “Şəxsi inkişaf üçün ali təhsil labüddür” mövzusunda debat-natiqlik turnirinin bağlanış və mükafatlandırma mərasimi keçirildi.
Mərasimi SDU-nun  Debat klubunun sədri Emil Məmmədov açaraq iştirakçıları salamladı və  “Şəxsi inkişaf üçün ali təhsil labüddür” mövzusunda debat-natiqlik turniri haqqında ətraflı məlumat verdi, proqramın məqsədindən və proqram çərçivəsində görülən işlərdən danışdı. Qeyd etdi ki, Debat Forumunda 36 komanda iştirak edirdi. Yarışı universitetimizin tələbələrindən ibarət hakimlərlə yanaşı, Debat Vətəndaş Cəmiyyətinin hakimləri  də müşahidə edirdilər. Riyaziyyat fakültəsinin “Albatros”  və Tarix və coğrafiya fakültəsinin “Yeah Team” komandaları hamıdan güclü olduqlarını sübut edərək finala vəsiqə qazandılar.
Sonra finalda “Albatros”və “Yeah Team” komandalarının yarışına start verildi.Nəticədə, “Yeah Team” komandası qalib oldu.
Universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək iştirakçıları salamladı,   qalib komandanı təbrik etdi, universitetin 60 illiyi münasibətilə keçirilən silsilə tədbirlər və son hazırlıq işləri barədə məlumat verdi. Debat klubunun fəaliyyətini yüksək qiymətləndirdi, debatların gənclərin inkişafında mütəsna rolundan, ölkədə aparılan gənclər siyasətindən, gəncələrə göstərilən diqqət və qayğıdan bəhs etdi. Bildirdi ki,  əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin  fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir. Bu gün gənclər respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi quruculuq  sahəsində uğurlar qazanaraq  Azərbaycanın dünyada tanıdılmasına, Vətənimizin müdafiəsinə, ərazi bütövlüyümüz və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər. Qeyd etdi ki, belə tədbirlərin keçirilməsi gələcəkdə hər hansı sahədə çalışmasından asılı olmayaraq, gənclərin peşəkar mütəxəssis kimi yetişməsinə kömək edəcək.
Debat Vətəndaş Cəmiyyətinin sədri Ülviyyə Axundova, Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev,  Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı debatın tələbələrin gələcək həyatı üçün əhəmiyyətindən söhbət açaraq debat mədəniyyətinin gənclərin dil qabiliyyətinin artırılmasında, natiqliyinin zənginləşməsində, gələcək peşə fəaliyyətlərində və eləcə də bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını bildirdilər və debat iştirakçılarına uğurlar arzuladılar.
Sonda qalib komandaya kubok və medal, ən yaxşı natiqlərə medal, bütün iştirakçılara  isə sertifikatlar təqdim edildi.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az