Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Aşağı enerjili neytrino və antineytrinoların detektə edilməsi” mövzusunda seminar təşkil olundu
SDU-da “Aşağı enerjili neytrino və antineytrinoların detektə edilməsi” mövzusunda seminar təşkil olundu
Aprelin 21-də Sumqayıt Dövlət Universitetində Fizika və elektroenergetika fakültəsinin təşkilatçılığı ilə seminar keçirildi.
Seminarda bir sıra respublika və xarici ölkə universitetlərinin alimləri, o cümlədən  AMEA-nın Fizika İnstitutunun, Şamaxı Astrofizika Rəsədxanasının, Milli Aviasiya Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin alimləri ilə yanaşı, Kazan Dövlət Energetika Universitetinin (Rusiya Federasiyası), Ufa Dövlət Neft Texniki Universitetinin (Rusiya Federasiyası), Kocaeli  Universitetinin (Türkiyə), Orta Doğu Texnik Universitetinin (Türkiyə), Buxara Tibb Universitetinin (Özbəkistan) alimləri onlayn formatda iştirak etdilər.
Seminarı giriş sözü ilə açan Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova tədbir iştirakçılarını salamladı və seminarın elmi  əhəmiyyətindən danışdı.
Seminarda AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vəli Hüseynovun “Aşağı enerjili neytrino və antineytrinoların detektə edilməsi” mövzusunda məruzəsi dinlənildi. Məruzə müasir kosmologiya, nüvə və elementar zərrəciklər fizikasında xüsusi əhəmiyyət kəsb edən mühüm bir məsələnin həllinə - aşağı enerjili neytrinoların və antineytrinoların detektə olunmasına həsr olundu. Müəllif 13,6 milyard il bundan əvvəl kainatın başlanğıcının ilk saniyəsində yaranmış, həmin anda baş vermiş fiziki hadisələrin şahidi və iştirakçısı olmuş, özü ilə həmin məlumatları bu günümüzə qədər gətirib çatdırmış neytrinoları və antineytrinoları elmi cəhətdən əsaslandırmış və onu həyata keçirməyin eksperimental üsulunu təklif etdi. 
Qeyd etmək lazımdır ki, relikt neytrino və antineytrinoların detektə olunması Kainatın təkamülünün müəyyən edilməsində mühüm əhəmiyyət kəsb edir. 
Sonda mövzu ətrafında fikir mübadiləsi aparıldı, həm Sumqayıt Dövlət Universitetinin, həm də respublikamızın və bir sıra xarici ölkələrin ali təhsil müəssisələri və elmi təşkilatlarının mütəxəssislərinin verdiyi suallar cavablandırıldı.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az