Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Bioloqlar AMEA-nın Zoologiya İnstitutunda ekskursiyada oldular
Bioloqlar AMEA-nın Zoologiya İnstitutunda ekskursiyada oldular
Aprelin 26-da  Kimya və biologiya fakültəsinin Biologiya ixtisası üzrə II kurs 338-ci qrup tələbələri Biologiya və onun tədrisi metodikası kafedrasının baş müəllimi Aysel Ağayevanın rəhbərliyi ilə AMEA-nın Zoologiya İnstitutunda ekskursiyada oldular. 
Tələbələr ekskursiya zamanı institutun Zooloji muzeyi və Quru onurğasızları laboratoriyasında oldular.
Məlumat üçün bildirək ki, 1936-cı ildə əsası qoyulmuş Zoologiya Elmi-Tədqiqat İnstitutu 1945-ci ildə yaradılmış Azərbaycan Milli Elmlər Akademiyasının sərbəst fəaliyyət göstərməsindən sonra təşəkkül tapmışdır. XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan və xarici ölkə alimləri tərəfindən respublikanın faunası öyrənilərkən əldə edilən nümunələrin Zoologiya İnstitutunun laboratoriyalarında kolleksiya materialları şəklində toplanması, saxlanılması və mütəmadi olaraq yeni eksponatlarla zənginləşdirilməsi institutda Zooloji muzeyin yaradılması üçün zəmin olmuşdur. Biomüxtəlifliyin öyrənilməsi, qorunub-saxlanılması və təbliği məqsədilə 1971-ci ildə Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə Zoologiya İnstitutunda Zooloji muzey yaradılmışdır. Tələbələr Zooloji muzeyin ekspozisiya fondunda Azərbaycanın və dünyanın heyvanlar aləmindən müqəvva, skelet, təpmə, yaş preparatdan ibarət və kolleksiya şəklində hazırlanmış 1703 eksponatla tanış oldular. Bələdçinin verdiyi məlumata əsasən onların 314 ədədi son 10 ildə muzeyin ekspozisiya fonduna daxil edilmişdir. Həmçinin eksponatlardan 257-si onurğalı heyvanların müxtəlif siniflərinə aiddir. 
Muzeyin direktoru b.f.d., dos. Səbinə Bünyatova tələbələrlə görüşərək muzey haqında ətraflı məlumat verdi, həmçinin nəşr olunacaq “Qırmızı kitab” və institutun qoşulduğu beynəlxalq layihələr haqında tələbələri məlumatlandırdı.
Daha sonra Quru onurğasızları laboratoriyasında b.f.d., dos. Səkinə Hacıyeva tələbələri həşəratlardan ibarət zəngin kolleksiya ilə tanış edərək onların növ tərkibi, paylanması, zoocoğrafi yayılması, həmçinin onların təsərrüfat əhəmiyyətinin, perspektiv növlərin bioekoloji xüsusiyyətlərinin tədqiqi, kənd təsərrüfatı, park-dekorativ bitkilərə zərər verən müxtəlif növ həşəratların, onların zərərvericiliyinin, yayılmasının öyrənilməsi, eləcə də onların say tənzimində rol oynayan entomofaqların biomüxtəlifliyinin aşkarlanması, zərərvericilərin say tənzimində onların rolu, bioloji mübarizədə onlardan istifadə olunmasının müəyyənləşdirilməsi haqqında məlumat verdi. 
Tələbələr onlara tədris olunan Onurğalılar zoologiyası və Entomologiya fənlərini ekskursiya nəticəsində müşahidə etdikləri əyani tədris vasitələrinin köməyilə daha da yaxşı mənimsədiklərini bildirdilər.
 
Mətbuat xidməti

 

 

 

 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az