Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Tarix və coğrafiya fakültəsində İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi
SDU-nun Tarix və coğrafiya fakültəsində İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi
Aprelin 27-də Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsinin təşkilatçılığı ilə İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev açaraq iştirakçıları salamladı və “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın əhəmiyyətindən danışdı və diqqətə çatdırdı ki, bu Sərəncam milli yaddaşımızın bərpasına hədəflənmişdir. Keçmişi bilməmək yalnız indi baş verənlərin dərkinə deyil, həm də gələcəyə nüfuz etmək təşəbbüslərinə mane olur. Keçmiş bu günlə bağlı olduğu kimi, həm də gələcəklə sıx bağlıdır. Təkcə bu günü deyil, sabahı, gələcəyi dərindən dərk etmək, qiymətləndirmək baxımından da keçmişi yaxşı öyrənməli və sələflərimizin yaratdıqları mənəvi dəyərlərə sahib çıxmalıyıq. Bu baxımdan İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı ölkə başçısının Sərəncamı elmi-pedaqoji, siyasi-ideoloji, mədəni-mənəvi əhəmiyyət kəsb edir. Bu Sərəncam İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla yaddaşımızı bərpa etməyə və strateji hədəflərə nail olmağa yönəlib. Dekan onu da vurğuladı ki, 140 il bundan əvvəl qədim Azərbaycan torpağı olan İrəvan şəhərində fəaliyyətə başlamış Müəllimlər Seminariyasının ‒ təhsil tariximizin şərəfli səhifələrindən birini təşkil edən bu maarif ocağının tarixinin öyrənilməsi, bununla əlaqədar konfransların, dəyirmi masaların, bir sıra tədbirlərin keçirilməsi təhsil tariximizə faydalı olacaq. Milli maarifimizin inkişafında böyük xidmətləri olan, təhsil tariximizə parlaq səhifələr yazmış bu qocaman maarif ocağının ziyası hələ neçə yüz illər bundan sonra da parlayacaqdır.
Konfransda  Tarix və onun tədrisi metodikası kafedrasının müdiri dosent Sona Məhərrəmova “Azərbaycanlı müəllim kadrların hazırlanmasında İrəvan Müəllimlər Seminariyasının rolu”, Folklorşünaslıq Elmi Tədqiqat Laboratoriyasının müdiri professor Astan Bayramov “Milli tariximizin İrəvan səhifələri –  itirilmiş Qərbi Azərbaycan torpaqları – qədim yer və yurdlarımız”, Azərbaycan Respublikası Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “İrəvan şəhərində ədəbi mühit və təhsil”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Zəfər tariximiz – Doğan Günəş” mövzularında məruzə edərək İrəvan Müəllimlər Seminariyasının 140 illiyi barədə geniş məlumat verdilər. Bildirdilər ki, İrəvan şəhəri tarixən azərbaycanlıların köklü yaşadığı böyük elm, maarif və mədəniyyət mərkəzlərindən biri kimi şöhrət tapmışdır. Şəhərdə Azərbaycan xalqına məxsus son dərəcə zəngin ədəbi-mədəni mühit formalaşmışdır. İrəvan xanlığı çar Rusiyasının tərkibinə qatıldıqdan sonra burada dünyəvi təhsilə xüsusi diqqət yetirilməsində həmin mühitin özü əhəmiyyətli rol oynamışdır. XIX əsrin ikinci yarısından etibarən Cənubi Qafqazda maarifçilik hərəkatı geniş vüsət aldı. Regionda dünyəvi təhsil verən yeni tipli məktəbin – İrəvan Müəllimlər Seminariyasının açılması da məhz bu vaxtlara təsadüf edir. Məruzəçilər seminariyanın milli təhsil tariximizdə buraxdığı izlər və təhsilin təşkili barəsində ətraflı məlumat verdilər.
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az