Əsas səhifə | Xəbərlər | Universitetimizdə Bilik günü təntənəli şəkildə qeyd edildi
Universitetimizdə Bilik günü təntənəli şəkildə qeyd edildi

Sentyabrın 15-i ölkəmizin bütün ali, orta ixtisas və ümumtəhsil məktəblərində olduğu kimi Sumqayıt Dövlət Universitetində də Bilik günü təntənəli şəkildə qeyd edildi. 
SDU-nun rəhbərliyi, professor-müəllim heyəti universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini dərin ehtiramla yad etdilər. 
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Universitetin rektoru, professor Elxan Hüseynov  bu əlamətdar gün münasibətilə tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi.
Rektor universitetin keçdiyi inkişaf yoluna nəzər salaraq, bu elm müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində və yüksəkixtisaslı kadrların hazırlanmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırlatdı. Bildirdi ki, ümummilli lider Heydər Əliyev daim təhsilə, elmə strateji sahə kimi baxmış, Vətənin, xalqın tərəqqisində оnların rоluna yüksək qiymət vermişdir. “Təhsil sahəsi xalqımızın bu günü, millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir”, – deyən müdrik rəhbər Azərbaycan təhsilinin inkişafı naminə son dərəcə böyük işlər görmüşdür. Böyük dövlət xadimi təhsilə yalnız savad, bilik qazanmaq, elm öyrənmək imkanı kimi baxma¬mış, bütövlükdə, hər bir insanın həyatını düzgün qurmasında, fəal vətəndaş mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu önə çəkmişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab edir. Əminliklə deyə bilərəm ki, ölkə başçısı İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün bütün imkanların səfərbər olunması istiqamətində ən gözəl töhfə olacaqdır.
Professor gənc nəslin təlim–tərbiyəsində, elm və təhsilində, mütəxəssislərin hazırlanmasında xüsusi rolu olan Sumqayıt Dövlət Universitetinin ali təhsil ocaqları içərisində özünəməxsus yeri olduğunu diqqətə çatdırdı. Onu da vurğuladı ki, SDU - nun cari tədris ili üçün qəbulun nəticələri də bunun bariz göstəricisidir. Belə ki, 1400 nəfərə yaxın gənc Sumqayıt Dövlət Universitetinin tələbəsi adını qazanmışdır.
Mərasimdə yüksək balla qəbul olmuş tələbələrə universitet rəhbərliyi tərəfindən tələbə biletləri təqdim olundu.
Yeni dərs ili münasibətilə müəllim və tələbələri təbrik edən universitetin Tədris mərkəzinin əməkdaşı, şair, dramaturq Əvəz Mahmud Lələdağ tələbələri öz  poeziyası ilə təbrik etdi və müasir cəmiyyətin yaradılmasının keyfiyyətli təhsildən keçdiyini bildirdi. 
Tədbirdə 2015/2016-cı tədris ilində SDU-nun Filologiya fakültəsinə daxil olmuş Nigar Məmmədova və valideynlər adından Rövşən Səfərov çıxış edərək tələbələrə gələcək təhsillərində uğurlar arzuladı. 
Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev çıxışında tələbələri təbrik etdi və bu günün tarixinə qısa nəzər salaraq qeyd etdi ki, Tarix və coğrafiya fakültəsinin yaranmasından 15 il ötür. Professor universitetimizin öz inkişaf dövrünü yaşadığını və  bu illər ərzində əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verdi.
2015/2016-cı tədris ilinə həsr olunmuş tədbir Sumqayıt Dövlət Universitetinin marşı ilə yekunlaşdı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az