Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | STP nümayəndələrinin SDU-nun tələbələri ilə görüşü keçirildi
STP nümayəndələrinin SDU-nun tələbələri ilə görüşü keçirildi
Mayın 11-də Sumqayıt Dövlət Universitetində Sumqayıt Texnologiyalar Parkının nümayəndələri “Təqdimat günü” çərçivəsində tələbələrlə görüş keçirdi.
Görüşdə STP-nin İnsan resursları üzrə meneceri Namiq Nağıyev və aparıcı mütəxəssisləri: Tural Şahbazov, Türkan Məmmədova, Şöləxanım Mirzəyeva, mütəxəssis Sevda Həsənova və universitetin müəllim-tələbə heyəti iştirak etdilər.
İlk olaraq Mühəndislik fakültəsinin dekanı dosent Ulduz Ağayev çıxış edərək qonaqları və iştirakçıları salamladı, universitetin fəaliyyəti, beynəlxalq əlaqələri barədə məlumat verdi, bu ali məktəbdə təhsilin inkişafı üçün reallaşdırılan tədbirlərdən, qazanılan uğurlardan söhbət açdı və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə etdi. Görüşün əhəmiyyətindən bəhs edən dekan onu da  bildirdi ki, bu cür tədbirlər ali məktəblərin qabaqcıl müəssisələrlə qarşılıqlı əlaqəsi üçün şərait yaradır, tələbələrin yüksək texnoloji, innovasiyalı baza fundamental bilik və vərdişlərə yiyələnməyə marağını artırır. Qeyd etdi ki, universitetimiz bir çox müəssisələrlə əməkdaşlıq müqaviləsi imzalayıb, bunun nəticəsi olaraq tələbələrimiz öz ixtisaslarına uyğun istehsalat təcrübələrində olurlar. Dosent Ulduz Ağayev onu da diqqətə çatdırdı ki, STP ilə SDU arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən mühəndis ixtisaslarında təhsil alan tələbələr STP MMC-də  istehsalat təcrübəsində olurlar. Hazırda IV kursun tələbələri STP-nin müxtəlif istehsalat bölmələrində təcrübə keçirlər. Bu da günün tələbinə uyğun olaraq kadr potensialının formalaşmasına təkan verir. 
Sumqayıt Texnologiyalar Parkının İnsan resursları üzrə meneceri Namiq Nağıyev çıxış edərək səmimi qarşılanmaya görə universitet rəhbərliyinə təşəkkürünü bildirdi, STP Şirkətlər Qrupu barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, 2009-cu il dekabr ayının 22-də prezident cənab İlham Əliyevin iştirakı ilə istismara verilən STP müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. STP daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara məhsullar ixrac etmək qabiliyyətinə malikdir. Şirkətin əsas hədəflərinin qısa zamanda məhsul çeşidini artırmaq, keyfiyyət göstəricisi olan sertifikatlar əldə etmək, yerli satış və ixracı artırmaq olduğunu bildirdi.
Görüşdə tələbələrin şirkətdə təcrübə proqramlarına və elmi-tədqiqatlara cəlb olunmaları ilə bağlı da fikir mübadiləsi aparıldı.
STP-nin İnsan resursları üzrə aparıcı mütəxəssisləri: Türkan Məmmədova  və  Şöləxanım Mirzəyeva çıxış edərək STP Şirkətlər Qrupunun  karyera portalı barədə qısa məlumat verdilər.             
Sonra “Ölkəmizi necə tanıyırıq?” mövzusunda ümumi dünyagörüşünə aid test prosesi keçirildi  və yüksək nəticə göstərmiş tələbələr mükafatlandırıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az