Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Şuşa Qarabağın tacıdır, Zəfərimizin başlanğıcıdır” adlı tədbir keçirildi
SDU-da “Şuşa Qarabağın tacıdır, Zəfərimizin başlanğıcıdır” adlı tədbir keçirildi
Mayın 11-də Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə  “Şuşa Qarabağın tacıdır, Zəfərimizin başlanğıcıdır” adlı tədbir keçirildi.
Əvvəlcə tədbir iştirakçıları Akt zalının foyesində Muğam müsabiqəsinin laureatı, müğənni Gülzar Fərəcovanın ifasında “Gözəldir, hər yan gözəl” mahnısını dinlədilər, Şuşanı tərənnüm edən milli mətbəxi, rəsm və sənətkarlıq nümunələrindən təşkil olunmuş sərgiyə baxış keçirdilər. 
Müəllim və tələbələrin  iştirakı ilə keçirilən tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Tədbiri  giriş sözü ilə açan İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək tədbir iştirakçılarını salamladı, Şuşanın tarixi və mədəniyyətindən söz açaraq diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi  1969-1982-ci illərdə Qarabağa çox böyük diqqət və qayğı göstərmişdir. Hər şeydən əvvəl Qarabağın tarixini, mədəniyyətini, iqtisadi inkişafını mükəmməl bilən Ulu öndər  bu məsələyə çox həssaslıqla yanaşırdı. Heydər Əliyev siyasi kursunu  uğurla davam etdirən, Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident cənab İlham Əliyev qələbəmizin rəmzi olaraq 2022-ci ili “Şuşa İli” elan etmişdir. Şuşa mədəniyyət paytaxtımız olaraq azadlığının ikinci ildönümünü yaşamaqdadır. Bu qüruru bizə yaşatdığı üçün Ali Baş Komandana, Ordumuza təşəkkür edirik!
Dosent Aynurə Yəhyayevanın açılış nitqindən sonra fakültənin II kurs tələbələri:  Fatimə Muradzadə Şuşanın tarixi haqqında ətraflı məlumat verdi, Flora Həmidzadə isə  “Şuşa Bəyannaməsi”ni oxudu.
Daha sonra “Şuşa, sən azadsan!” adlı  videoçarx nümayiş olundu.
İqtisadiyyat kafedrasının baş müəllimi Elnarə Məmmədova “Şuşanın iqtisadi potenisalı” mövzusunda təqdimatla çıxış etdi. Bildirdi ki, Şuşa kifayət qədər iqtisadi potensiala malikdir. Turizm Şuşanın iqtisadiyyatında xüsusi yer tutur. İşğaldan azad edilmiş ərazilərdə yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin maliyyə xərclərini dəfələrlə üstələyəcəkdir. Bu ərazilərin bərpası ilə çoxlu sayda yeni iş yerləri açılacaq. Belə ki, yeni infrastruktur layihələrinin həyata keçirilməsi vətəndaşlarımızın işlə təminatına müsbət təsir göstərəcək, iqtisadiyyatın inkişafı yeni iş yerlərinin açılmasına zəmin yaradacaq. Müzəffər ordumuzun qələbəsi qeyri-neft sektorunun böyüməsinə, Azərbaycan iqtisadiyyatının daha da çiçəklənməsinə təkan verəcək.
I kurs tələbələrinin ifasında  Şuşaya həsr olunmuş şeirlər səsləndirildi. 
Qonaq müğənnilər: Gülzar Fərəcova, Çinarə Məlikzadə və Nurlan Ordubadlı Azərbaycana aid mahnılar ifa etdilər. 
Sonra tələbələrin ifasında Xan qızı Xurşidbanu Natəvan, Molla Pənah Vaqif və Pənahəli xanın Şuşa haqqında söhbəti ilə bağlı səhnəcik  nümayiş olundu, müxtəlif  bayatılar səsləndirildi.
Yekun söz olaraq universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək “Şuşa ili” ilə bağlı universitetdə təşkil edilən silsilə tədbirlərdən, sərgi və müsabiqələrdən  söhbət açdı, Şuşanın tarixindən danışdı. Bildirdi ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın, bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin 2022-ci ili Azərbaycanın qədim şəhəri və mədəniyyət paytaxtına həsr olunan “Şuşa İli” elan etməsi çox mütərəqqi bir addımdır.
Sonda tədbirin təşkilində əməyi keçən hər kəsə minnətdarlığını bildirən rektor belə tədbirlərin yetişməkdə olan gənc nəslə Vətənə məhəbbət və vətənpərvərlik hisslərinin aşılanması istiqamətində mühüm əhəmiyyətə malik olduğunu vurğuladı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az