Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Tələbələrimiz Türkiyədə təcrübədə oldular
Tələbələrimiz Türkiyədə təcrübədə oldular

SDU-nun kimya və biologiya fakültəsinin bir qrup tələbəsi “Azərikimya” İstehsalat Birliyi və Petkim Petrokimya Holdinq A.Ş. tərəfindən imzalanmış əməkdaşlıq haqqında niyyət protokoluna müvafiq olaraq, Türkiyənin İzmir şəhərində, Petkim Petrokimya Holdinq A.Ş.-də istehsalat təcrübəsi keçmişdir. 
Bu münasibətlə sentyabrın  17-də Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov istehsalat təcrübəsindən qayıdan tələbələri qəbul etdi və onları yeni tədris ili münasibətilə təbrik etdi, qazandıqları uğura görə təşəkkürünü bildirdi.
Görüşdə rektor qeyd etdi ki, dünyanın, eləcə də Avropa ölkələrinin universitetlərinin əksəriyyəti nəzəri biliklərdən çox təcrübi biliklərə diqqət yetirirlər. Bütün bunlar qabaqcıl ölkələrin ali təhsil sisteminin sürətlə dəyişən beynəlxalq iqtisadi bazarın tələblərinə cavab verməsini stimullaşdırır. Bu səbəbdən nüfuzlu ali məktəblər öz tələbələrini tanınmış şirkətlərdə istehsalat təcrübəsi keçməyə göndərir, həmin şirkətlərlə tədqiqat layihələrində əməkdaşlıq etməklə sıx əlaqə yaratmağa çalışır. Bütün bunlar isə tələbələrə iş təcrübəsi qazanmaq üçün əlverişli imkanlar yaradır. Sumqayıt Dövlət Universiteti də öz növbəsində tələbələrimizin dünya  elmi praktikasından faydalanmaq  məqsədi ilə  xarici ölkələrin universitetlərinə və sənaye müəssisələrinə istehsalat təcrübəsinə göndərir. Tələbələrimiz nəzəri biliklərini bu müəssisələrdə təcrübədən keçirərək dünyada baş verən elmi yeniliklərlə yaxından tanış olurlar.
Professor Elxan Hüseynov diqqətə çatdırdı ki, artıq iki ildir tələbələrimiz Türkiyə Cümhuriyyətinin İzmir şəhərində istehsalat təcrübəsi keçirlər. Petkimdə təşkil olunan istehsalat təcrübəsi tələbələrin həm universitetdə aldıqları nəzəri biliklərin təcrübə yolu ilə möhkəmləndirilməsi, həm də müasir iqtisadi qloballaşma dövrünə uyğun dünyagörüşünün formalaşması baxımından əhəmiyyətlidir.  Onu da qeyd edim ki, universitetimiz Sumqayıt Texnologiyalar Parkında və “Azərkimya” İB-nin müəssisələri ilə iş birliyi yaradaraq əlaqələrin möhkəmlənməsinə, həmçinin, milli təhsilimizin inkişafına töhfələr verir.
Görüşdə çıxış edən Neft kimyası və kimya texnologiyası kafedrasının dosenti, kimya elmləri namizədi Rəhilə Məmmədova  söylədi ki, tələbələr əvvəlcə ARDNŞ Azərikimya İstehsalat Birliyinin yüksək təzyiqli polietilen və etilen zavodunda 10 gün müddətində təcrübədə oldular. Təcrübədə kimya və biologiya fakültəsinin kimya mühəndisliyi ixtisasının tələbələri Ülviyyə Əsgərova, Tünzalə Şərifzadə, Nərmin İbadova, Sənubər Babayeva, Fəridə Rəhimli iştirak edirdilər. Təcrübədə universitetimizin tələbələri ilə yanaşı, Moskva Dövlət Universitetinin Bakı filialının, Azərbaycan Dövlət Neft Akademiyasının, Qafqaz Universitetinin tələbələri də  iştirak edirdilər. Daha sonra tələbələr təcrübənin həmin universitetin tələbələri ilə birlikdə Türkiyənin İzmir şəhərində yerləşən Petkim Petrokimya Holdinq A.Ş-də davam etdirdilər. Yüksək səviyyədə təşkil olunmuş istehsalat təcrübəsi zamanı türkiyəli mütəxəssislər İnsan qaynaqları və Petkim Akademiyasında tələbələrə holdinq, onun strukturu, fabrikləri, istehsal edilən məhsullar, təhlükəsizlik tədbirləri və iş rejimi barədə ətraflı məlumatlar verdi.
Dosent Rəhilə Məmmədova onu da diqqətə çatdırdı ki, tələbələr etilen və polietilen zavodu haqqında 20-ə yaxın səmərələşdirici təkliflər verdilər. İstehsalat təcrübəsində Azərkimya İ.B və Petkim Petrokimya Holdinq A.Ş-nın nümayəndələrindən təşkil olunmuş komissiyanın birgə rəyinə əsasən universitetimizin  tələbəsi Sənubər Babayeva 2-ci yerə layiq görüldü. İstehsalat  təcrübəsinin sonunda müəllim  və tələbələrə sertifikatlar təqdim olundu.
Tələbələr istehsalat təcrübəsindəki təəssüratlarını bölüşdülər və onlara yaradılan şəraitə görə  təşəkkür etdilər.
Universitet rəhbərliyi və çıxış edənlər  tələbələrimizə göstərdikləri diqqət və qayğıya görə ARDNŞ Azərikimya İstehsalat Birliyinə və Petkim Petrokimya Holdinq A.Ş-nin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə şəkilləri çəkildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az