Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Ekologiya Gününə həsr olunmuş elmi-praktik vebinar keçirildi
SDU-da Ekologiya Gününə həsr olunmuş elmi-praktik vebinar keçirildi
Mayın 20-də Sumqayıt Dövlət Universitetində Kimya və biologiya fakültəsinin Ekologiya kafedrasının təşkilatçılığı ilə Ekologiya Gününə həsr olunmuş onlayn formatda elmi-praktik vebinar keçirildi.
Ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli Fərmanı ilə yaradılmış Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixli Sərəncamı ilə təsis edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq, ölkəmizdə hər il 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur. Sumqayıt Dövlət Universitetinin Ekologiya kafedrasının əməkdaşları da bu bayramı ənənəvi olaraq hər il qeyd edir. 
Qeyd edək ki, SDU-da ekoloji təhsilin inkişaf etdirilməsi üçün müxtəlif ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.
Vebinarda AzMİU-nun Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri, AMEA-nın Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru İslam Mustafayev, Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və biokimya  kafedrasının müdiri, professor Rövşən Xəlilov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional idarəsinin rəisi Fərid Piriyev və sektor müdiri Elmar  Musayev,  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 12 saylı Qarabağ Regional idarəsinin rəisi Vüsal İbrahimli və Sumqayıt Şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, həmçinin Kimya və biologiya fakültəsinin professor-müəllim heyəti, Ekologiya və ekologiya mühəndisliyi ixtisasının magistrant və tələbələri   iştirak etdilər.
Vebinarı giriş sözü ilə Ekologiya kafedrasının müdiri dosent Rəhilə Əhmədova açaraq iştirakçıları salamladı, ekoloqları peşə bayramları münasibətilə təbrik etdi və  ölkəmizdə ekoloji problemlərin həlli istiqamətində görülən işlərdən, dövlətimizin bu sahəyə göstərdiyi qayğıdan, qəbul olunan dövlət proqramlarından, ekologiyanın əhəmiyyətli rolundan danışdı. 
Sonra Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin Biofizika və biokimya  kafedrasının müdiri professor Rövşən Xəlilov “Canlı sistemlərdə stress zamanı yaranan maqnit xassələri və  onların biotibdə tətbiqi “, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru İslam Mustafayev  “Azərbaycanda qlobal ekoloji problemlər”,  Elmar Musayev  “Sumqayıt şəhərinin ekoloji durumu”, Vüsal İbrahimli  “İşğaldan azad olmuş torpaqların reabilitasiyası”, dosent Rəhilə Əhmədova “Ekoloji maarifləndirmədə tədrisin rolu” və Ekologiya kafedrasının baş müəllimi Tünzalə Babayeva “Azad olunmuş ərazilərdə biomüxtəlifliyin bərpa edilməsi” mövzularında məruzələrlə çıxış etdilər. 
Çıxışlar təqdimat şəklində iştirakçılara göstərildi və mövzu ilə bağlı maraqlı fikir mübadiləsi aparıldı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az