Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU ilə KOBİA arasında tanışlıq görüşü keçirildi
SDU ilə KOBİA arasında tanışlıq görüşü keçirildi
Mayın 24-də Sumqayıt Dövlət Universitetində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə SDU arasında tanışlıq görüşü keçirildi. 
Tədbirin keçirilməsində məqsəd gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi, tələbələrin biznes bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinin təşviq olunması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, tələbələrin KOBİA tərəfindən biznes təlimlərinə cəlb olunması, onlara mentorluq dəstəyinin göstərilməsi, biznes sahəsində uğur əldə etmiş müəssisələrə təlim və təcrübə səfərlərinin təşkili, KOBİA xətti ilə tələbələrin istehsalat təcrübələrinə cəlb edilməsi və gələcəkdə işlə təmin olunmalarına dəstək, SDU-da KOBİA tərəfindən Biznes İnkubasiya Mərkəzi yaxud  istehsal və ya xidmət tipli klinikanın yaradılmasından ibarətdir.
Qeyd edək ki, mayın 11-də İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları: fakültənin dekanı dosent Aynurə Yəhyayeva, Biznesin təşkili və menecment kafedrasının müdiri Qalib Hüseynov və baş müəllimi Səxavət Məmmədova KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənovla görüşmüş və gələcək inkişaf istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparmışlar. Görüşün nəticəsi kimi ilkin olaraq KOBİA-nın yerli qurumunun əməkdaşlarının SDU-ya infoturunun təşkil olunması qərara alınmışdır ki, bugünkü görüş də həmin məqsədə xidmət edir. 
Tədbirdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva çıxış edərək gənclər arasında sahibkarlıq düşüncə tərzinin stimullaşdırılması üçün birgə  görüşlərin, maarifləndirici tədbirlərin, təlimlərin və proqramların həyata keçirilməsinin əhəmiyyətindən bəhs etdi.
Biznesin təşkili və menecment kafedrasının müdiri Qalib Hüseynov “Müasir dövrdə respublikamızda sosial-iqtisadi inkişafın təmin edilməsində dövlət proqramları”, həmin kafedranın baş müəllimi, həmçinin tədbirin təşkilatçısı Səxavət Məmmədova “Elmi yeniliklərin biznesə inteqrasiyası” mövzusunda çıxış etdilər.  
KOBİA-nın Abşeron regional nümayəndəliyinin koordinatoru Elmar Rzayev,  Abşeron KOB dostu Etibar Əliyev çıxışları zamanı gənclərin dünyagörüşünün genişləndirilməsi, bilik və bacarıqlarının artırılması, gənc mütəxəssis və tələbələrin sahibkarlığa və biznes mühitinə qoşulması imkanları haqqında məlumat verdilər. 
Görüşdə Azərbaycan Dövlət İqtisad Universitetinin Menecment ixtisasının məzunu İntiqam Məmmədov və  Sumqayıt Dövlət Universitetinin Menecment ixtisası üzrə magistrantı Ceyhun Hüseynzadə “PsixoSən” layihəsi haqqında məlumat verdilər. Onların təqdim etdikləri platforma KOBİA tərəfindən dəstəklənir. Müəlliflər təqdim edilən layihənin məqsədinin yalnız təhsilli, peşəkar mütəxəssisləri ön plana çıxartmaq, bu istiqamətdə Azərbaycan üzrə bir keyfiyyət nişanı yaratmaq olduğunu bildirdilər. 
Sonda KOBİA təmsilçiləri tələbələri maraqlandıran sualları cavablandırdılar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az