Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Qarabağın incisi Şuşa” adlı elmi-praktik konfrans keçirildi
SDU-da “Qarabağın incisi Şuşa” adlı elmi-praktik konfrans keçirildi
Mayın 25-də Sumqayıt Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsində “Şuşa İli”nə həsr olunmuş “Qarabağın incisi Şuşa” adlı  elmi-praktik konfrans keçirildi.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Konfransı giriş sözü ilə fakültə dekanı professor Adil Baxşəliyev açaraq konfransın əhəmiyyətindən danışdı, belə bir mötəbər tədbirin “Şuşa İli”nə həsr olunmasının xüsusilə əhəmiyyətli olduğunu bildirdi. Konfransın  keçirilməsində əsas məqsədin Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətinin, tarixinin, təbiətinin tanıdılması, təbliğ edilməsi və yetişməkdə olan gənc nəslə çatdırılmasından ibarət  olduğunu söylədi və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində qazanılan şanlı Zəfərdən bəhs etdi. Bildirdi ki, doğma Qarabağın, o cümlədən Azərbaycan mədəniyyətinin paytaxtı Şuşanın düşmən işğalından azad olması hər birimizə sonsuz fəxarət və qürur hissləri yaşatdı. Artıq ölkəmizdə 30 il əvvəl misilsiz vəhşiliklərlə yurdundan qovulmuş məcburi köçkünlərin Qarabağa, Şuşaya, doğma ata-baba məskənlərinə qayıdacaqları günlərin astanasındayıq. Bugünlərdə Şuşa və Ağdam şəhərlərinə avtobus reyslərinin açılması da Böyük qayıdış hərəkatının əlamətdar hadisəsidir. Tariximizə “Zəfər Günü” kimi həkk olan Şuşa qalibiyyətinin xalqımızın qəhrəmanlıq dastanına çevrildiyini və daim xatırlanacağını vurğulayan dekan torpaqlarımızın azadlığı uğrunda canlarından keçən ölməz şəhidlərimizə rəhmət, qazilərə isə şəfa dilədi.
Konfransda  Fəlsəfə, sosiologiya və politologiya kafedrasının müdiri dosent Səvvarə Rzaquliyeva “Mədəniyyət beşiyi Şuşa”, kafedranın  dosenti Cavid Məmiyev “Şuşa şəhərinin tarixi-strateji əhəmiyyəti”, kafedranın əməkdaşı Nərgiz Yusifova “Hər bir azərbaycanlının Şuşa sevgisi onun mənəvi dəyərinin ayrılmaz hissəsidir”, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov “Şuşanın tarixi-keçmişi və bu günü”, fakültənin III kurs tələbələri: Ruqiyyə Mərdanova  “Yer üzünün cənnəti ‒ Şuşa”, Aysel Zeynalova “Qayıdışdan sonrakı Şuşa və Şuşanın Azərbaycana verdiyi töhfələr”, II kurs  tələbəsi Orxan Dadaşov “Bir sosioloqun nəzərindən Şuşa ilinin hədəfləri” mövzularında məruzələrlə çıxış edərək 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən, ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşada aparılan bərpa-quruculuq işlərindən və Şuşada keçirilən musiqi festivallarından danışdılar. 
Məruzəçilər vurğuladılar ki, 2022-ci ilin “Şuşa İli” elan olunması milli mədəniyyətimizin inkişafına misilsiz töhfələr verəcək və Azərbaycan memarlıq sənətinin qədim Şuşa incilərini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa imkan yaradacaqdır.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az