Əsas səhifə | Xəbərlər | Əməkdaşlarımız Qurban bayramı münasibəti ilə əsgərlərlə görüşdü
Əməkdaşlarımız Qurban bayramı münasibəti ilə əsgərlərlə görüşdü

Hər bir xalq özünün milli-mənəvi, dini dəyərləri ilə tanınır. İslam dəyərləri və ənənələri ilə yaşayan islam mədəniyyətinin incilərini yaradan xalqımız eyni zamanda, tolerantlığın, multikulturalizmin ünvanı olan Azərbaycanın vətəndaşı kimi uğurlara imza atır.
Milli və dini bayramlarını, əski inanclarını repressiyalarla müşayiət olunan Sovet hakimiyyət illərində də qoruyan Azərbaycan xalqı təqiblərə baxmayaraq, yaddaşa sədaqət hissi, dözüm nümayiş etdirdi. Dini, milli adət-ənənələrinin yaşatdı. Müstəqillik əldə etdikdən sonra isə ulu öndər Heydər Əliyevin fərman və sərəncamları ilə milli-mənəvi, dini dəyərlərimizə münasibət dövlət səviyyəsində dəyişdi. SSRİ zamanında kluba, mədəniyyət evinə, anbarlara çevrilən ziyarətgahlar, məscidlər təmir-bərpa olunaraq xalqımızın ixtiyarına verildi. Dini və milli bayramlarımız rəsmi status aldı. Hər il olduğu kimi bu il də ölkə başçısı cənab İlham Əliyev müqəddəs Qurban bayramı münasibətilə xalqımızı təbrik etdi. Müqəddəs ziyarətgahlarda bayram namazları qılındı, qurbanlar kəsildi. Nazirlər Kabinetinin qərarı ilə 2 gün, sentyabrın 24-25-i qeyri-iş günü elan olundu. İdarə, müəssisə və təşkilatların kollektivləri qocalar və uşaqlar evini, hərbi hissələri ziyarət edərək onların sevincinə bayram sevinci qatdılar.
Sentyabrın 24-də Qurban bayramı günü Sumqayıt Dövlət Universitetinin kollektivi Zeynalabdin qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə olaraq,  əsgərlərimizin bayram sevincinə şərik oldular.
Hərbi hissənin rəhbərliyi hər kəsi səmimi qəlbdən təbrik etdi. Qeyd etdi ki, son dövrlər təhsil müəssisələrinin kollektivlərinin səngərlərdə, hərbi hissələrdə görüşləri ənənə halı almışdır. Bu da əsgərlərimizə mənəvi dəstək və  ruh yüksəkliyi verir. Hər bir Azərbaycan vətəndaşının ordumuza və əsgərinə güvəndiyini, xalqımızın hər an onların yanında olduğunu bildirən komandir universitet rəhbərliyinə, xüsusilə rektor, professor Elxan Hüseynova öz dərin təşəkkürünü bildirdi.
Əsgərlər və zabitlər qarşısında çıxış edən universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Turan Cəfərov universitet rəhbərliyi adından təbriklərini çatdıraraq, onlara çətin və şərəfli xidmətlərinin yerinə yetirilməsində uğurlar arzuladı.  T.Cəfərov çıxışında Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın tezliklə  azad olunacağına və bayrağımızın doğma Qarabağmızda dalğalanacağına əminliyini bildirdi.
Sonra SDU-nun məzunu olmuş əsgər Elşad Əliyev əsgər geyimində nə qədər qürur duyduğunu və onun potensiallı, savadlı, cəsur bir əsgər kimi formalaşmasında universitetin böyük rol oynadığını görüş iştirakçılarının nəzərinə çatdırdı.
Tədbir SDU-nun Tələbə Gənclər Klubunun təşkil etdiyi konsert proqramı ilə davam etdirildi.
Sonda “N” saylı hərbi hissənin rəhbərliyi Sumqayıt Dövlət Universitetinin  Tələbə Gənclər Klubunun özfəaliyyət ansamblını “Qurban bayramı” günü münüsibəti ilə hərbi hissədə şəxsi heyət üçün təşkil olunmuş tədbirdə fəal iştirak etdiyinə görə Fəxri Fərmanla təltif etdi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az