Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun Heydər Əliyev məktəbində “Heydər Əliyev Müstəqil Azərbaycanın banisidir” mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi
SDU-nun Heydər Əliyev məktəbində “Heydər Əliyev Müstəqil Azərbaycanın banisidir” mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi
Mayın 27-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev məktəbində “Heydər Əliyev Müstəqil Azərbaycanın banisidir” mövzusunda onlayn formatda elmi-praktik konfrans keçirildi. 
Əvvəlcə 28 May ‒ Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirildi.
Daha sonra tədbiri giriş nitqi ilə açan universitetin rektoru professor Elxan Hüseynov tariximizin şanlı səhifələrindən biri olan 28 May ‒ Müstəqillik Günü münasibətilə tədbir iştirakçılarını və bütün xalqımızı təbrik edərək, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən danışdı, müstəqilliyin bərpası və qorunub-saxlanılması istiqamətində, azadlıq mücadiləsi yolunda baş vermiş hadisələrdən bəhs etdi. 
Qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması xalqımızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən, yarandığı dövr üçün inqilabi sayılan bir-çox ünsürləri özündə ehtiva edən dövlət nümunəsi olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyətinin ömrü uzun olmasa da, qısa bir müddət ‒ 23 ay ərzində çox böyük işlər gördü. Bu qısa dövrdə Dövlət Bayrağı, Dövlət Himni və Gerbi, Azərbaycan vətəndaşlığı təsis edildi, Milli Ordu yaradıldı. Həmin dövr üçün olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul edildi. Demokratik hüquq və azadlıqların, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların bərabər hüquqlarının tanınması, hətta bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərilməsi və həyata keçirilmiş digər işlər həmin dövr üçün atılmış böyük addımlar idi.
Təəssüflər olsun ki, AXC  iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalaraq müvəqqəti olaraq devrildi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub-saxlamaq mümkün olmadı. Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi.  Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi Dövlət Bayrağı kimi qaldırdı. Bununla da, müstəqilliyə gedən yolun əsası qoyuldu. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi. Bu gün isə qürurla bildiririk ki, müstəqil və müasir Azərbaycan özünün uğurlu inkişaf yolunda qətiyyətlə və inamla addımlayır. Azərbaycanın dövlətçilik ənənələrinin qorunub-saxlanması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindəndir.
Azərbaycan və Şərqi Avropa xalqları tarixi   kafedrasının müdiri professor Şirxan Səlimov “Müstəqilliyimizin keçdiyi tarixi yol”, kafedranın dosenti, Karyera Mərkəzinin müdiri Əmirxan İsayev “Azərbaycan Xalq Cümhuriyyətinin daxili siyasəti”, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri dosent Loğman Abdullayev  “Heydər Əliyev və iqtisadi inkişafımız”, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müəllimi İlahə Vəliyeva “Müstəqil Azərbaycanın inkişaf etdirilməsində İlham Əliyevin rolu”, Kimya və biologiya fakültəsinin  III kurs tələbəsi Anar Güllərli “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti və tarixdə yeri” mövzularında məruzə edərək Azərbaycan tarixinin şərəfli səhifəsi olan Xalq Cümhuriyyətinin yaradılmasından ətraflı bəhs etdilər. Bildirdilər ki, Azərbaycan dövləti öz tarixində çoxsaylı qəhrəmanlıq salnamələri yazıb. Bu tarixi hadisələr içərisində müsəlman Şərqində ilk demokratik Xalq Cümhuriyyətinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Məruzəçilər  Xalq Cümhuriyyətinin yaradılmasını vacib edən səbəblər, eləcə də mövcud olduğu 23 ay ərzində əldə olunan uğurlardan danışdılar, bu tarixin heç bir zaman unudulmayacağını və qəhrəmanlıq səhifəsi kimi daim yad ediləcəyini, gələcək nəsillərə çatdırılacağını diqqətə çatdırdılar. Müasir, müstəqil Azərbaycan dövlətinin Xalq Cümhuriyyətinin varisi olduğunu, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə özünün ən qüdrətli dövrünü yaşadığını vurğuladılar və  xalqımızı bu əlamətdar tarixi hadisə münasibətilə təbrik etdilər.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az