Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da yaz semestrinin imtahan sessiyası başladı
SDU-da yaz semestrinin imtahan sessiyası başladı
Azərbaycan Respublikasının təhsil naziri cənab Emin Əmrullayev 19 may 2022-ci il tarixində "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" F-282 saylı əmr imzalayıb. Əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2021/22-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının 2022-ci il iyun ayının 1-də başlamaqla 5 həftə müddətində keçirilməsi qeyd olunur. İmtahan sessiyası və ixtisaslar üzrə yekun dövlət attestasiyasının təşkili zamanı “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən hazırlanmış “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunması qeyd olunmuşdur. Bu əmrə əsasən Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı R-24/1 saylı əmr imzalamışdır.
Sumqayıt Dövlət Universitetində yaz imtahan sessiyasının 2022-ci ilin iyunun 1-dən iyulun 5-dək keçirilməsi nəzərdə tutulub. Universitetdə keçirilən imtahan sessiyasının gedişində yarana biləcək şikayətlərin yerində və operativ şəkildə həll edilməsini təmin etmək məqsədilə Appelyasiya komissiyası, eyni zamanda imtahan sessiyasının gedişinə nəzarət və tələbələr arasında yarana biləcək şikayətlərin operativ şəkildə araşdırılaraq aradan qaldırılması məqsədilə İmtahan qərargahı yaradılmışdır. Sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, bütün fakültələrdə yazılı şəkildə aparılacaq. Yaz semestrinin imtahan sessiyasının gedişinə operativ nəzarət etmək üçün rektorluğun məsul şəxsləri: Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev, Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov müvafiq fakültələr üzrə təhkim olunmuşlar.
Tələbələrin imtahanlara hazırlığının səmərəli təşkili üçün universitetin Elmi kitabxanası da gücləndirilmiş iş rejiminə keçirilərək hər gün 08:30-dan 17:30-dək fəaliyyət göstərir. Elmi kitabxanada elektron kitabxana tələbələrin ixtiyarına verilib. Sessiya dövründə Universitetin İctimai Nəzarət və Məsləhət Şurasının, valideynlərin, ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq “Açıq qapı” günlərinin təşkil edilməsi nəzərdə tutulub.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az