Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi
Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi
İyunun 21-də Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi.
Rektor professor Elxan Hüseynov iclas iştirakçılarını salamladı, gündəlikdə olan məsələləri iştirakçıların nəzərinə çatdırdı və universitetin elm-tədris fəaliyyəti üzrə inkişafından danışdı.
Sonra gündəlikdə duran məsələlərin müzakirəsinə başlanıldı.
2022/23-cü tədris ili üçün planlaşdırılmış yeni ixtisasların tədris sənədlərinin hazırlanmasının və dərs yükü bölgüsünün aparılmasının vəziyyəti barədə fakültə dekanları çıxış edərək qeyd etdilər ki, 2022/23-cü tədris ili üçün dərs yükünün bölgüsü hazırlanır. Bütün kafedralar üzrə dərs yükünün ümumi miqdarı müəyyənləşdirilib və kafedraların professor-müəllim heyəti arasında dərs yükü bölgüsünün ilkin variantının hazırlanması üzrə işlər başlanılmışdır. 
Qeyd olundu ki, 2022/23-cü tədris ili üçün yeni ixtisasların tədris sənədləri (tədris planları, sillabuslar, tematik planlar və s.) hazırlanır, eyni zamanda yeni ixtisaslar üzrə mövcud olan yeni fənlərin tədrisinin aparılmasına dair müvafiq tədbirlər həyata keçirilir.  
2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar olaraq SDU-nun bir qrup əməkdaşının Şuşada keçirilən III Beynəlxalq Qarabağ Konqresində iştirakı barədə Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev məlumat verdi. Bildirdi ki, “Şuşa İli” çərçivəsində 7‒10 İyun 2022-ci il tarixlərində keçirilən III Beynəlxalq Qarabağ Konqresinin proqramına uyğun olaraq, Sumqayıt  Dövlət Universitetinin bir qrup əməkdaşının iyunun 8-də Şuşa şəhərinə səfəri təşkil olunmuşdu. Belə ki, onların konfransa göndərdikləri tezislər qəbul olunmuş və konfransın qaydalarına uyğun olaraq,  açılış mərasimindən öncə məqaləsi qəbul olunan 100-dək alimin Şuşa şəhərinə səfəri təşkil edilmişdi. Səfər iştirakçıları Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələr, həmçinin Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları “Zəfər simvolu” hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini ziyarət etmişlər. Dekan onu da bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə abadlıq, tikinti, yenidənqurma işlərinin beynəlxalq standartlara uyğun, yüksək səviyyədə, xüsusi zövqlə yerinə yetirilməsi soydaşlarımızın tezliklə öz doğma yurdlarına qayıtmalarını şərtləndirir.
Sonra SDU-nun bir qrup əməkdaşının Şuşada keçirilən III Beynəlxalq Qarabağ Konqresində iştirakı  həmçinin Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyevin  konqresin bölmə iclasına sədrlik etməsi müsbət qiymətləndirildi.
Məzun gününə hazırlığın vəziyyəti haqqında Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent  Elmar Xəlilov məlumat verdi. Qeyd etdi ki, ötən illərdə SDU-da Məzun günləri yüksək təşkilatçılıqla, yüksək zövqlə və tələbələrin fəal iştirakı iə həyata keçirilmiş, 2020 və 2021-ci illərdə pandemiya ilə əlaqədar Məzun günlərinin ənənəvi formada keçiriməsi mümkün olmadığından yüksək peşəkarlıqla hazırlanmış videoçarxların nümayiş etdirilməsi ilə məzun günü qeyd edilmişdir. Bu il isə Məzun gününün ənənəvi formada keçiriməsi ilə  bağlı hazırlıq işləri davam edir. Akademik göstəriciləri yüksək olan tələbələrin müəyyənləşdirilməsi və onların diplomlarının “Məzun günü”ndə təqdim olunması, həmçinin qabaqcıl və fəal tələbələrə SDU-nun rektorunun,  Azərbaycan Təhsil İşçilərinin Həmkarlar İttifaqı Komitəsinin və Azərbaycan Tələbə Gənclər Təşkilatının Fəxri Fərmanlarının təqdim olunması üçün müvafiq tədbirlərin həyata keçirilməsi fakültə dekanlarına tapşırılıb. Məzun gününün iyunun 29-da  keçirilməsi məqsədəuyğun hesab edildi. Rektor Məzun gününə hazırlıq işlərinin tamamlanmasına dair tapşırıq və tövsiyələrini bildirdi. “Məzun günü”nə hazırlıq işlərinin başa çatdırılmasına nəzarət Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilova həvalə etdi.
SDU-nun 60 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər planının yerinə yetirilməsinin gedişi barədə dosent Elmar Xəlilov ətraflı məlumat verərək qeyd etdi ki, Tədbirlər planında nəzərdə tutulan bütün işlər ardıcıllıqla yerinə yetirilir.
Rektor qeyd etdi ki, SDU-nun 60 illik yubileyi ərəfəsində Beynəlxalq elmi konfransın keçirilməsi planlaşdırılıb, ona görə də Rusiya‒Azərbaycan Universitetləri Assosiasiyasının üzvü olan universitetlərlə SDU-nun əlaqələri daha sıx olan Rusiya universitetlərinin rektorlarının SDU-nun 60 illik yubileyinə və beynəlxalq elmi konfransa dəvət olunması məqsədəuyğundur. Eyni zamanda əlaqələrimiz geniş olduğu Türkiyə universitetlərinin və digər xarici universitetlərin rəhbərlərinin yubileyə dəvət olunması nəzərdə tutulub.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi. Bununla da, rektorluğun iclası başa çatdı.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az