Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə Biləsuvarda görüş keçirildi
Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibətilə Biləsuvarda görüş keçirildi
Bu il Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi qeyd edilir. Yubiley münasibətilə universitetin bir qrup müəllimi Biləsuvar rayonuna səfər edərək Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı, ictimaiyyət nümayəndələri,  Şirvan‒Salyan Regional Təhsil idarəsinin əməkdaşları və SDU-nun məzunları  ilə görüşdülər.
Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbdə baş tutan görüşdə Şirvan‒Salyan Regional Təhsil idarəsinin əməkdaşları, Biləsuvar ziyalıları,  rayonun müxtəlif illərdə SDU-nun məzunu olmuş təhsil işçiləri, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, o cümlədən Sumqayıt Dövlət Universitetinin əməkdaşları: Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev, universitetin Karyera Mərkəzinin müdiri  Əmirxan İsayev, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzazadə iştirak etdilər.
Öncə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Görüşü giriş sözü ilə açan Şirvan‒Salyan Regional Təhsil idarəsinin müdiri Sənan Mənsimli Sumqayıt Dövlət Universitetinin bu il qeyd olunan 60 illik yubileyi münasibətilə kollektivi təbrik etdi. Natiq SDU-nun zəngin ənənələrə malik elmi-pedaqoji fəaliyyətindən danışaraq, ölkəmizin hər yerindən olduğu kimi Biləsuvardan da hər il orta məktəbi bitirən gənclərin qəbul imtahanlarında məhz bu təhsil ocağını seçməsini sevindirici hal kimi qeyd etdi.
Sonra SDU HİK-in sədri dosent Nemət İbayev çıxış edərək tədbir iştirakçılarını salamladı, SDU-nun ötən 60 ildə keçdiyi tarixi inkişaf yolundan danışdı. Bildirdi ki, təməli 1962-ci ildə qoyulmuş Sumqayıt Dövlət Universiteti qabaqcıl beynəlxalq təcrübədən, milli təhsil sisteminin uğurlarından və özünün 60 illik zəngin ənənələrindən bəhrələnməklə uğurlu addımlar atır. İllər ötdükcə Sumqayıt Dövlət Universiteti məhz Ulu öndər Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilmişdir.
Görüşdə  SDU-nun Karyera Mərkəzinin müdiri dosent Əmirxan İsayev və baş müəllim,  yazıçı-publisist Əli Rzazadə çıxış edərək bildirdilər ki, universitet fəaliyyət göstərdiyi bütün dövrlərdə yalnız Azərbaycanın deyil, həm də keçmiş Sovetlər Birliyinin, eləcə də bir sıra xarici ölkələrin sənaye müəssisələrini yüksəkixtisaslı kadrlarla təmin edib, ölkəmizin intellektual potensialının inkişafına dəyərli töhfələr verib. Universitetin  fəaliyyəti sonrakı zamanlar üçün böyük önəm kəsb etməklə, hazırda ölkəmizə savadlı kadrlar bəxş etmək baxımından əhəmiyyətli mövqeyini qoruyub-saxlayır. Bundan sonra da peşəkar kadrların, ixtisaslı mütəxəssislərin hazırlığında zəngin təcrübəyə malik universitetimizə bölgələrdən orta məktəb məzunlarının axınının artmasına maraq göstərməliyik.
Böyük maraqla keçən görüşdə  Biləsuvar ziyalıları, eləcə də SDU-nun məzunu olmuş rayonun təhsil işçiləri çıxış edərək, universitetin çox minli kollektivini yubiley münasibətilə təbrik etdilər. SDU-da təhsil aldıqları illərlə bağlı xoş xatirələrdən məmnunluqla söhbət açdılar və əldə etdikləri uğurlara görə məzunu olduqları universitet rəhbərliyinə və müəllimlərinə sonsuz təşəkkürünü ifadə etdilər.
Sonra Sumqayıt Dövlət  Universitetinin  fəaliyyətindən və qazandığı uğurlardan bəhs edən videoçarx nümayiş olundu. Sumqayıt Dövlət Universitetinin rəhbərliyi adından universitetin bir qrup məzununa hədiyyələr təqdim olundu.
Görüş çərçivəsində SDU-nun nümayəndə heyətini  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qəbul etdi. İcra başçısı qonaqları salamladı, Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə rektoru və kollektivi təbrik etdi. SDU-nun zəngin ənənələrə malik elmi-pedaqoji fəaliyyətindən, ölkəmizdə elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs etdi və  ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini, Ulu öndərin ideyalarının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğuladı.
İcra başçısı çıxışında Biləsuvar rayonunda da həyata keçirilən sosial-iqtisadi və infrastruktur layihələrdən danışdı. Bildirdi ki, hər yerdə olduğu kimi, Biləsuvar rayonunda da geniş abadlıq-quruculuq işləri uğurla həyata keçirilir. Ölkədə aparılan düzgün sosial-iqtisadi siyasətin nəticəsidir ki, məhz bu gün ölkəmiz hərtərəfli  inkişafa nail olub. Biləsuvar rayonunda və hər bir kənddə görülən işlər və əldə olunan uğurlu nəticələr özünü göstərir. Bu istiqamətdə belə görüşlərin keçirilməsi olduqca əhəmiyyətlidir. Görüşün sonunda xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi ilə əlaqədar şimal və qərb bölgələrində görüşlər təşkil olunacaq.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az