Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Xarici universitetlərin alimləri SDU-nun magistrantlarının dissertasiya işlərinin müdafiəsində iştirak etdilər
Xarici universitetlərin alimləri SDU-nun magistrantlarının dissertasiya işlərinin müdafiəsində iştirak etdilər
Beynəlxalq əlaqələrin inkişafı elmin təhsilə inteqrasiyasına, professor-müəllim və tələbə heyətinin mübadiləsinə təsir edən amillərdəndir. Bu istiqamətdə Sumqayıt Dövlət Universiteti beynəlxalq əlaqələrini gündən-günə inkişaf etdirir. Artıq bu əlaqələr magistrantların dissertasiya işlərinin müdafiəsinə də öz müsbət nəticəsini göstərməkdədir.
İyunun 23-də Elektrik mühəndisliyi ixtisasında təhsil alan magistrant Səriyyə Quliyevanın “Külək energetik qurğularının idarəetmə sistemlərinin modelləşdirilməsi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirildi. 
Hibrid formatda keçirilən müdafiəyə komissiya üzvləri əyani, universitetin  Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov, eləcə də Ufa Dövlət Neft Texniki Universitetinin əməkdaşları, Elektrotexnika və elektrik avadanlığı kafedrasının müdiri professor Marat Xakimyenov və Avtomatlaşdırma, telekommunikasiya və metrologiya kafedrasının dosenti Oleq Kiryuşin “Zoom” platforması üzərindən qatıldılar.
Müdafiədən əvvəl Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov Ufadan olan həmkarları salamladı, Sumqayıt Dövlət Universitetində magistr hazırlığı haqda qısa məlumat verdi. Xüsusi olaraq tədrisin iki dildə: Azərbaycan və Rus dillərində aparıldığını vurğuladı və  qeyd etdi ki, hər iki universitet əməkdaşlarının magistr dissertasiyalarının müdafiələrində qarşılıqlı iştirakı artıq ənənəyə çevrilib və bu istiqamətdə işlər gələcəkdə də davam edəcəkdir. 
Magistrant Səriyyə Quliyevanın dissertasiya işi qoyulan tələblərə tam cavab verdiyi üçün onun təqdimatı və çıxışı komissiya tərəfindən yüksək qiymətləndirilib, müdafiə uğurla başa çatıb.
Mühəndislik fakültəsində keçirilən növbəti hibrid formatlı dissertasiya müdafiəsində Bolqarıstanın Varna Texniki Universitetinin Avtomatika və idarəetmə kafedrasının müdiri Nikola Nikolov, həmin fakültənin dekanı və əməkdaşları, Ufa Dövlət Aviasiya Texniki Universitetinin rektor müşaviri Nafisa Yusupova və universitetin bir qrup professor-müəllim heyəti iştirak etdilər.
İngilis dilində keçirilən müdafiəni SDU-nun Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov açaraq iştirakçıları, komissiya üzvlərini  salamladı və müdafiənin gedişi barədə məlumat verdi.
Sonra Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alan magistrant Tural Həsənlinin “Polimerləşmə prosesində keyfiyyətin avtomatik nəzarət sisteminin işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsi keçirildi.
Mövzu ilə bağlı geniş müzakirələr aparıldıqdan sonra səsvermə keçirildi və dissertasiya işi müvafiq meyarlar üzrə qiymətləndirilərək, Tural Həsənliyə magistr elmi dərəcəsi verilməsi haqqında qərar qəbul edildi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az