Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da şagirdlər arasında Azərbaycan tarixi üzrə keçirilmiş fənn olimpiadasının qalibləri mükafatlandırıldı
SDU-da şagirdlər arasında Azərbaycan tarixi üzrə keçirilmiş fənn olimpiadasının qalibləri mükafatlandırıldı
İyunun 30-da Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı şəhər ümumtəhsil məktəblərinin IX‒XI sinif şagirdləri arasında Azərbaycan tarixi  üzrə keçirilən fənn olimpiadasının qalibləri mükafatlandırıldı.
Tədbirdə iştirak edən universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent  Elmar Xəlilov olimpiadada qalib gələn şagirdləri,  onların müəllimlərini və valideynlərini təbrik edərək son illərdə istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açdı. Bildirdi ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Sağlam və intellektli gənc nəslin yetişdirilməsi hər bir xalqın əsas strateji hədəflərindən sayılır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu istiqamətdə ümumtəhsil məktəblərinin fənn olimpiadalarının keçirilməsi artıq universitetimizdə ənənə halını alıb. Belə olimpiadaların keçirilməsində əsas məqsəd xüsusi istedadlı şagirdlərin üzə çıxarılması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə və peşə seçiminə hazırlanmalarına zəmin yaradılmasından ibarətdir.
Prorektorun çıxışından sonra olimpiadada I, II və III yerlərə layiq görülən qaliblər mükafatlandırıldı. 
Tarix və coğrafiya fakültəsinin dekanı professor Adil Baxşəliyev, Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının müdiri professor Şirxan Səlimov  bilik yarışında fərqlənən şagirdləri təbrik etdilər, qaliblərə fəxri fərman və hədiyyələr təqdim etdilər.
Sonda valideynlər  adından Sabir İsmayılov çıxış edərək qalibləri təbrik etdi, olimpiadanın yüksək səviyyədə təşkilinə görə universitet rəhbərliyinə, təşkilatçılara təşəkkürünü bildirdi. Qeyd etdi ki, burada elmə, təhsilə,  yüksək savada böyük önəm verilir. Sabir İsmayılov vurğuladı ki, peşəkar tədqiqatçı-mütəxəssis kimi yetişmək istəyirsinizsə, sizə şəhərimizin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetini tövsiyə edirəm.
Qeyd edək ki, Azərbaycan tarixi  fənni üzrə keçirilən olimpiadada Sumqayıt şəhərində fəaliyyət göstərən 41 tam orta məktəb və 4 liseydən 218 nəfər şagird iştirak etdi. Şagirdlərə iki variantda təqdim edilmiş suallar Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının əməkdaşları tərəfindən tərtib edilmişdir.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az