Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun şəhid tələbəsi Elnur Səmədovun xatirəsi yad olunub
SDU-nun şəhid tələbəsi Elnur Səmədovun xatirəsi yad olunub
Şəhidlik uca bir zirvə olmaqla yanaşı, həm də bir məktəbdir. Elə bir məktəb ki, bizlər o məktəbdən igidliyi, mərdliyi, cəsurluğu, Vətən uğrunda candan keçməyin nə olduğunu öyrənirik. Hər dəfə şəhid məzarlarını ziyarət edərkən şəhidlik adlı zirvənin əlçatmaz olduğu qədər də qürurverici bir məqam olduğunu dərk edirik. Şəhidlərimiz hər an bizim qəlbimizdədir, onlar ürəklərdə yaşayıb, yaşayır və yaşayacaqlar.
Sentyabrın 21-də Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin bir qrup müəllim və tələbəsi Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında universitetin 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olmuş məzunu Elnur Səmədovun məzarını ziyarət etdilər. Ziyarət zamanı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu, şəhidlərin məzarları önünə gül dəstələri qoyuldu.
Qeyd olundu ki, 44 gün Azərbaycan, o cümlədən dünya tarixinə qızıl rəqəmlərlə  yazılmış şanlı zəfərimizin ömrüdür. Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti olaraq xoşbəxtik ki, tarixi yazanların sırasında bizim də yetirmələrimiz var. Şəhid kimi, Qazi kimi!
2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Vətən müharibəsi Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı. “Dəmir Yumruq” əməliyyatı bir daha göstərdi ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Qeyd edək ki, Elnur Səmədov 1988-ci il  martın 11-də İsmayıllı şəhərində anadan olub. Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsini bitirib. Ailəli olan Elnur Səmədovun özündən sonra bir oğlu və bir qızı yadigar qalıb. O, 2020-ci il sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə"  və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az