Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU tələbələri üçün təqaüd təsis edildi
SDU tələbələri üçün təqaüd təsis edildi
Oktyabrın 6-da Azərbaycan Sahibkarlar Konfederasiyası Sumqayıt şəhər şöbəsinin rəhbəri, “Qartal Tikinti Firması”nın direktoru Şahin Məmmədov, “Osmanlı” MMC-nin direktoru Mikayıl Məmmədov, “Mor” MMC-nin təsisçisi və direktoru Mikayıl Abdullayev Sumqayıt Dövlət Universitetində oldular.
Əvvəlcə rektor professor Elxan Hüseynov qonaqlarla dəyirmi masa ətrafında universitetlə sözügedən firmalar arasında əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri barədə fikir mübadiləsi apardı. Qonaqlara universitet haqqında məlumat verdi. Qeyd etdi ki, SDU Sumqayıtın elm, təhsil və mədəniyyət mərkəzi kimi qazandığı uğurlara görə respublikamızın qabaqcıl ali məktəblərindən birinə çevrilmişdir. Bununla bütün sumqayıtlılar, universitet kollektivinin hər bir üzvü qürur hissi keçirməkdə haqlıdır. Sumqayıt Dövlət Universiteti bu müqəddəs yolda respublikamızın və dünyanın bir çox aparıcı universitetləri ilə əməkdaşlıq edir, müxtəlif istiqamətlərdə təcrübə mübadiləsi aparır, gələcək uğurlara doğru inamla irəliləyir.
Sumqayıt Dövlət Universitetinin ölkəmizin ictimai həyatındakı fəal mövqeyini, elmi-mədəni ənənələrini, qabaqcıl təhsil metodlarının zənginləşməsində və inkişafında rolunu yüksək qiymətləndirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir: “Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqi işinə bu gün də layiqli töhfələr bəxş edir. Sumqayıt Dövlət Universiteti artıq respublikamızın nüfuzlu ali təhsil ocaqlarındandır”
Dövlət başçısının doğma universitetimizin fəaliyyətini yüksək qiymətləndirməsi bizi beynəlxalq təhsil məkanında respublikamızın digər ali məktəbləri ilə birlikdə Azərbaycan elmini və təhsilini layiqincə təmsil etməyə çağırır. Xüsusilə böyük Zəfərdən sonra SDU-nun bütün əməkdaşları ölkəmizin ictimai-siyasi və elmi-mədəni həyatında yeni bir intibah dövrünün başlandığını dərindən duyur, yüksək məsuliyyət hissi və əməli fəaliyyəti ilə bu intibahın hər bir sahəsində layiqli göstəricilərlə iştirak etməyə hazırdır.
Rektor onu da qeyd etdi ki, hər bir ölkədə gənclik böyük bir qüvvədir. Bu gün Prezident cənab İlham Əliyevin tələbə - gənclərə olan diqqət və qayğısı onları ruhlandırır. Dövlət başçısının tələbələrin təqaüdünün artırılması ilə bağlı imzaladığı Sərəncamları və Fərmanı tələbə-gənclərə ayrılan diqqətin daha bir təzahürüdür. Bu, artıq tələbələr arasında sağlam rəqabəti gücləndirəcək və onların yüksək təhsilə yiyələnmələrinə təsirini göstərəcəkdir.
Rektor tələbələrə verilən təqaüdün əhəmiyyətindən bəhs edərək, cənab İlham Əliyevin apardığı siyasəti uğurla icra edən şirkət rəhbərlərinin bu istiqamətdə universitetin 7 tələbəsinə təqaüdün təsis edilməsi ilə bağlı verdiyi qərarlarını yüksək qiymətləndirdi, universitetin professor-müəllim və tələbə heyəti adından qonaqlara təşəkkürünü bildirdi.
Daha sonra “Qartal Tikinti Firması”nın direktoru Şahin Məmmədov çıxış edərək şirkət haqqında qonaqlara məlumat verdi, səmimi qarşılanmaya görə universitetin rəhbərliyinə və kollektivə dərin təşəkkürünü bildirdi, universitetlə firma arasında əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etdi və təqaüdlə bağlı ətraflı çıxış edərək bildirdi ki, proqramın bütün seçim mərhələlərini uğurla keçən tələbələr cari təhsil müddətinin sonuna qədər şirkət tərəfindən müəyyənləşdirilmiş təqaüd alacaq. Bundan əlavə, bu proqram çərçivəsində tələbələr telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlərində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edə biləcəklər.
Sonra yaxşı qiymətlərlə oxuyan 7 tələbəyə təqaüdlər təqdim edildi.
Tələbələr də onlara göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildirdilər, ixtisaslı kadr kimi gələcəkdə ölkənin inkişafına töhfə verəcəklərinə söz verdilər.
 
Mətbuat xidməti
 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az