Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun 60 illik yubileyinə həsr olunmuş fakültələrarası idman spartakiadasına start verildi
SDU-nun 60 illik yubileyinə həsr olunmuş fakültələrarası idman spartakiadasına start verildi
Oktyabrın 17-dən başlayaraq Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə həsr olunmuş SDU və onun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin tələbələrinin fakültələrarası 4 idman növü (voleybol, stolüstü tennis, dama və şahmat) üzrə spartakiadasına start verildi.
Tədbiri universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov açaraq idmançı tələbələri  salamladı və onlara uğurlar arzulayaraq qeyd etdi ki, respublikamızda bədən tərbiyəsi və idmana  dövlət qayğısı gündən-günə artır. Bunun sayəsində Azərbaycanda idmanın səviyyəsi yüksək templə inkişaf edir. Xalqımızın ümummilli lideri Heydər Əliyev ölkə həyatının bütün sahələrini, o cümlədən idmanın da inkişafını daim diqqət mərkəzində saxlayıb, kütləvi idman növlərinin geniş yayılmasına diqqət və qayğı göstərib. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident cənab  İlham Əliyev bu gün ölkəmizdə idmanın və idmançıların ən böyük himayəçisidir. Dosent Elmar Xəlilov onu da qeyd etdi ki, gənc nəslin sağlam və vətənpərvər ruhda yetişdirilməsi Azərbaycanın dövlət siyasətində önəmli yer tutur. Hazırda Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, idman və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan gənclərində torpaq, Vətən sevgisinin nə qədər böyük olduğunu ortaya qoydu. Dövlətimizin başçısı cənab  İlham Əliyevin “İrəli, Azərbaycan əsgəri!” çağırışına cavab verən gənclərimiz böyük ruh yüksəkliyi ilə silaha sarılaraq, torpaqlarımızı işğaldan azad edərək üçrəngli bayrağımızı dalğalandırdılar. Azərbaycan əsgəri yazdığı yeni tarixlə xalqımızın qürurunu özünə qaytardı.
Sonra SDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Nemət İbayev spartakiadanın ölkə idmanı üçün əhəmiyyətini vurğuladı, gənc nəslin təlim-tərbiyəsində belə tədbirlərin rolundan bəhs etdi. Bildirdi ki, universitetimiz nəinki təhsil, idman sahəsində də böyük uğurlar əldə edir. Fəxr edirik ki, bizim ölkəmizi beynəlxalq idman aləmində layiqincə təmsil edən idmançı tələbələrimiz var.
Dosent Nemət İbayev həmçinin peşəkar idman müəllimlərinin və idmançıların yetişdirilməsi sahəsində SDU-nun İdman klubunun rolundan, bu vaxta qədər klubun yetirmələrinin ölkəmizdə və beynəlxalq arenalarda qazandıqları uğurlardan danışdı.
Qeyd edək ki, yarışda ilk olaraq voleybol idman növü üzrə 8 komanda öz bacarıqlarını sınadı.
 
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az