Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | “Tətbiqi fizikanın və energetikanın aktual məsələləri” mövzusunda III Beynəlxalq elmi konfrans keçirildi
“Tətbiqi fizikanın və energetikanın aktual məsələləri” mövzusunda III Beynəlxalq elmi konfrans keçirildi
Oktyabrın 27-də Sumqayıt Dövlət Universitetinin və Kazan Dövlət Energetika Universitetinin birgə təşkilatçılığı ilə "Tətbiqi fizika və energetikanın aktual məsələləri" mövzusunda onlayn formatda III Beynəlxalq elmi konfrans keçirildi.
Konfransda Azərbaycan universitetləri ilə yanaşı, Rusiya, Belarusiya, Özbəkistan, Qazaxıstan, İsrail və digər ölkələrin aparıcı universitetlərinin alimləri iştirak edirdilər.
Konfransı giriş sözü ilə SDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Ramazan Məmmədov açaraq, iştirakçılara rektor professor Elxan Hüseynovun salamlarını çatdırdı və SDU-nun ötən 60 ildə keçdiyi tarixi inkişaf yolundan danışdı. Bildirdi ki, təməli 1962-ci ildə qoyulmuş Sumqayıt Dövlət Universiteti qabaqcıl beynəlxalq təcrübədən, milli təhsil sisteminin uğurlarından və özünün 60 illik zəngin ənənələrindən bəhrələnməklə uğurlu addımlar atır. Universitetimizdə beynəlxalq və respublika miqyaslı elmi konfranslar uğurla həyata keçirilir. İkitərəfli və çoxtərfli beynəlxalq münasibətlər müxtəlif istiqamətlərdə, o cümlədən təhsil sahəsində böyük templə inkişaf edir. Bütün bunlar səmimi və işgüzar münasibətlərin bariz göstəricisidir.
Konfransın təşkil olunmasında əsas məqsədin energetika sisteminin kadr və elmi-metodiki təminatında universitetlərin rolu, energetikanın müasir problemləri, regionların sosial-iqtisadi inkişafının təmin olunması baxımından elektrik stansiyalarının əhəmiyyəti və digər mövzularda müzakirələrin aparılmasından ibarət olduğunu bildirən prorektor konfransın əhəmiyyətindən bəhs etdi.
Professor Ramazan Məmmədov bildirdi ki, son illər ərzində respublikamızın sosial-iqtisadi tərəqqisinin reallaşmasında mühüm elementlərdən olan energetika sahəsinin inkişafına çox böyük diqqət yetirilib, ölkəmizin elektrik enerjisi təsərrüfatında köklü islahatlar, bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlər gerçəkləşdirilib. Bu gün ölkəmiz nəhəng enerji layihələrinin təşəbbüskarı və fəal iştirakçısıdır. Onların arasında “Cənub Qaz Dəhlizi” layihəsi xüsusi yer tutur. Bu, enerji təhlükəsizliyi məsələlərinə Azərbaycanın növbəti töhfəsi olmaqla yanaşı, geniş beynəlxalq əməkdaşlıq məsələlərinin həllinə də öz müsbət təsirini göstərir. Hazırda həm Qarabağda, həm də Şərqi Zəngəzurda elektrik təsərrüfatı, transformatorlar, yarımstansiya və elektrik stansiyaları qurulur, genişmiqyaslı layihələrin həyata keçirilməsi istiqamətində uğurlu işlər həyata keçirilir.
Kazan Dövlət Energetika Universitetinin inkişaf və innovasiyalar üzrə prorektoru professor İrina Axmetova konfrans iştirakçılarını salamladı və konfransın çox aktual bir məsələyə həsr olunduğunu bildirdi. Beynəlxalq elmi konfransın məqsədinin dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən alimləri bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri paylaşmaq olduğunu vurğuladı.
Kazan Federal Universitetinin dosenti Emil Şamsutdinov “Sənaye və biomühəndislikdə robotlaşdırılmış plazma texnologiyaları”, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun professoru, AMEA-nın müxbir üzvü Vəli Hüseynov “Kristal güclü elektrik sahəsinin təyin edilməsində yeni yanaşma”, Kazan Dövlət Energetika Universitetinin Atom və istilik elektrik stansiyaları kafedrasının dosenti Alyona Vlasova “Sterlitamaksk İES-də kombinə edilmiş suhazırlayıcı qurğunun ionit hissəsindən yüksək minerallaşdırılmış turşu tullantılarının utilizasiyası üçün resursa qənaət edən texnologiyalar”, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun Elektroenergetikanın perspektiv inkişafı şöbəsinin dosenti Rəna Əlizadə “Azərbaycan enerji sisteminin yük qrafiklərinin xarakeristikaları və onların düzləndirilməsinin müsbət effektləri”, Sumqayıt Dövlət Universtetinin Elektrotexnika və energetika kafedrasının müdiri dosent Nadir Hacıbalayev “Azad edilmiş ərazilərdə enerji siyasəti ‒ təhlil”mövzularında çıxış etdilər və konfransın ali təhsil müəssisələrinin energetika sistemi üçün yüksəkixtisaslı kadr hazırlığı və müvafiq elmi-tədqiqatlar aparması istiqamətindəki fəaliyyətin təkmilləşdirilməsinə mühüm töhfə verəcəyinə əminliklərini bildirdilər.
Sumqayıt Dövlət Universtetinin Fizika və elektroenergetika fakültəsinin dekanı dosent Tamella Əhmədova çıxış edərək beynəlxalq konfransın qarşılıqlı əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. SDU-nun digər istiqamətlərdə olduğu kimi, fizika və energetika sahəsində də mühüm işlər gördüyünü deyən dekan universitetdə yetişdirilən kadrların bu sahəyə verdiyi töhfələrdən danışdı.
Konfransın sonrakı işi haqqında məsul katib, Fizika və elektroenergetika fakültəsinin Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov məlumat verdi. Bildirdi ki, konfrans Plenar iclasından sonra öz işini 7 bölmə üzrə iki gün davam etdirəcəkdir. Konfransa 151 məqalə və tezis daxil olmuş, antiplagiat proqramından keçirilərək, 135 tezis və məqalə konfransın proqramına daxil edilmişdir.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az