Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | ATİAHİ RK tərəfindən əlaçı tələbələrimizə təqaüd təqdim edildi
ATİAHİ RK tərəfindən əlaçı tələbələrimizə təqaüd təqdim edildi
Oktyabrın 31-də 2021‒2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə, əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi və “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, ATİAHİ RK-nın sədr müavinləri və şöbə müdirləri, ali təhsil ocaqlarında fəaliyyət göstərən Həmkarlar İttifaqlarının sədrləri, tələbələr iştirak etdilər.
Öncə Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev tədbirdə çıxış edərək Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən bəhs etdi. Bildirdi ki, həmkarlar ittifaqları tərəfindən dövlətimizin gənclər siyasətinə yüksək dəstək verilir, ATİAHİ RK bu istiqamətdə müxtəlif intellektual oyunlar, idman yarışları təşkil edir, gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı sistemli layihələr həyata keçirir, aztəminatlı ailələrdən olan tələbələrin sosial təminatının gücləndirilməsi ilə bağlı addımlar atılır, Respublika Komitəsi tərəfindən aztəminatlı ailələrdən olan 220-dən artıq tələbə pulsuz yeməklə təmin olunur.
Sonra qış imtahan sessiyasının nəticələrinə görə, əlaçı və həmkarlar ittifaqı fəalı olan daha 65 ali məktəb tələbəsinə Komitənin adlı təqaüdünün təqdim edilməsi mərasimi başladı.
Komitə tərəfindən təşkil edilmiş “Gənc həmkarlar ittifaqı lideri” müsabiqəsinin qalibləri də mükafatlandırıldı.
Çıxış edən tələbələr ölkəmizdə gənclərlə bağlı həyata keçirilən layihələrdən, bu sahəyə olan dövlət qayğısından, gənclərin bütün sahələrdə, o cümlədən elm-təhsil və idman sahəsində qazandığı nailiyyətlərdən bəhs etdilər.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetindən Kimya və biologiya fakültəsinin II kurs tələbəsi Asiman Ağayev, Riyaziyyat fakültəsinin II kurs tələbəsi Fərid Abbaszadə, Filologiya fakültəsinin III kurs tələbsi Jalə Qurbanova ATİAHİ RK tərəfindən adlı təqaüdə layiq görüldülər.
Noyabrın 1-də Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov təqaüdə layiq görülən tələbələri qəbul edərək belə bir mötəbər siyahıda Sumqayıt Dövlət Universitetinin adının olmasından qürur duyduğunu bildirdi və tələbələrə uğurlar arzuladı. Əldə edilən nailiyyətlərin davamlı olması üçün təhsilə, tədrisə bundan sonra da diqqətlə yanaşmalarını və daha əzmlə çalışmalarını tövsiyə etdi.
Məlumat üçün bildirək ki, tələbələrdə elmə, təhsilə marağın artırılması məqsədilə 1995-ci ildə ATİAHİ-nin adlı təqaüdü təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə, uğur əldə etmiş 2719 nəfər tələbə bu təqaüddən yararlanıb. Bu müsabiqənin keçirilməsində məqsəd tələbələr arasında tədris göstəriciləri, nümunəvi nizam-intizamı, ali təhsil müəssisələri və Həmkarlar İttifaqlarının işində fərqlənən, yoldaşları arasında xüsusi nüfuza malik olan fəalların müəyyən edilməsi, onların arasında sağlam rəqabət mühitinin formalaşdırılması, tələbələrin elmə, təhsilə, yaradıcılığa, idmana və ictimai işlərə sövq edilməsidir.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az