Əsas səhifə | Xəbərlər | Müstəqilliyimiz əbədi olsun
Müstəqilliyimiz əbədi olsun

Oktyabrın 16-da Sumqayıt Dövlət Universitetində Müstəqillik günü qeyd edildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin  səsləndirilməsi ilə açıq elan olundu.
Universitetin rektoru, professor Elxan Hüseynov  bu günün  mühüm tarixi  əhəmiyyətindən danışaraq bildirdi ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan xalqı milli müstəqillik uğrunda əsrlər boyu  şərəfli mübarizə aparmış və nəticədə Şərqdə ilk dəfə olaraq 1918-ci ildə demokratik respublika yaratdı. Ümummilli liderimiz Heydər Əliyev çıxışlarında tez-tez deyirdi ki, biz nadir bir irsin varisləyirik: “Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”. Ötən əsrin əvvəllərində xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu müstəqilliyi də uzun sürməmiş, cəmi 23 ay davam gətirə bilmişdir. Tarix üçün bu, çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur.
Rektor qeyd etdi ki, XX əsrin sonlarında güclənən milli-azadlıq hərəkatı nəticəsində 1991-ci il oktyabrın 18-də Azərbaycanın keçmiş Ali Sovetinin sessiyasında mühüm tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməklə Azərbaycanın dövlət müstəqilliyi uzun illərdən sonra yenidən bərpa edildi. Bununla da, Azərbaycan müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi. 1994-cü ilin 15 Oktyabr tarixindən Ümummilli liderin fərmanı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü hər il qeyd edilir.
Ulu öndər Heydər Əliyev həmişə xalqına, Vətəninə sədaqətlə qulluq etmiş və Azərbaycanla heç vaxt əlaqələrini kəsməmişdir. O, Moskvada SSRİ rəhbərliyində təmsil olunduğu dövrdə də respublikanın inkişafı üçün əlindən gələni əsirgəmirdi. Bütün bunlar isə Mixail Qorbaçovu ciddi şəkildə narahat edirdi və Azərbaycana qarşı məkrli təzyiqləri daha da gücləndirirdi. Azərbaycanı parçalamaq, etnik münaqişəyə cəlb etmək məqsədi ilə tezliklə Dağlıq Qarabağ problemi ortaya atıldı. Xalq öz haqlı etiraz səsini qaldıraraq azadlıq istəyini bəyan edəndə isə Qanlı 20 Yanvar faciəsi törədildi. O faciəli günlərdə Heydər Əliyev yenə xalqı ilə birlikdə olduğunu sübut etdi. Respublikanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Mərkəzin və Azərbaycan rəhbərliyinin xəyanətkar mövqeyini ifşa edən bəyanat verdi. Bu cəsarətli siyasi bəyanat təkcə Azərbaycanda deyil, həm də bütün keçmiş SSRİ-də yeni siyasi dövrün başlanğıcı oldu. Çətin və gərgin  mübarizələr bahasına başa gələn müstəqilliyimiz ölkədə baş verən siyasi çəkişmələrin, vətəndaş qarşıdurmasının, hətta Azərbaycanın regionlara parçalanmasının  mövcud olduğu bir şəraitdə yenidən təhlükə altına düşmüşdü. Məhz belə bir dövrdə yenidən siyasi hakimiyyətə gələn Ulu öndərin  uzaqgörənliyi, zəngin idarəetmə təcrübəsi və qətiyyəti sayəsində Azərbaycan əsl müstəqilliyini bərpa etdi. Dünya şöhrətli siyasətçi, zəngin dövlətçilik ənənələrinə malik dahi şəxsiyyət bu dəfə də xalqın müdrikliyinə arxalandı, təhlükənin genişlənməsinə imkan vermədi və düzgün qərarları ilə Azərbaycan xalqını bəlalardan xilas etdi.
Rektor onu da vurğuladı ki, əsl müstəqillik  öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü ilin  20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın ən aparıcı dövlətlərinin və qabaqcıl şirkətlərinin bu müqavilədə iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropanın və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.
Azərbaycan xalqını bu əlamətdar bayram münasibətilə təbrik edən professor Elxan Hüseynov diqqətə çatdırdı ki, bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ümummilli lider Heydər Əliyevin siyasi ideyalarının uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan müstəqil dövlət kimi inkişaf etməkdə olan dünya dövlətləri ilə bir sırada addımlayır, öz qətiyyətli siyasi mövqeyi, nüfuzu ilə bütün dünyada tanınır.
Bu gün Avropa Parlamenti ölkəmizlə bağlı qəbul etdiyi qərəzli qətnamə  xaricdən ölkəmizə uzanan xain əllərə  və onların qərəzli yalanlarına qarşı mübarizə aparmaq hamımızın ümumxalq işidir. Bizim hər birimiz Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşərək müstəqilliyimizi əbədiyaşar, dönməz etməliyik. Yaşasın müstəqil Azərbaycan!
Universitetin Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov “Azərbaycan Dövlətinin müstəqilliyini təmin edən tarixi şərtlər və şəxsiyyətlər”, Azərbaycan tarixi kafedrasının müdiri, dosent Əmirxan İsayev “Müstəqil Azərbaycanın dövlətçiliyinin formalaşmasında ulu öndər Heydər Əliyevin rolu”, YAP Gənclər Təşkilatının sədri Səma Əsədova “Azərbaycan dövlətinin müstəqilliyinin və suverenliyinin möhkəmlənməsində cənab İlham Əliyevin xidmətləri”,  Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyevin “Müstəqil Azərbaycan” mövzularında məruzələri dinlənildi. “Müstəqilliyimiz əbədi olsun” sənədli filmi nümayiş etdirildi.
Onu da qeyd edək ki, universitetimizin ayrı-ayrı fakültələrinin ilk dərs saatı Müstəqillik gününə həsr olundu.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az