Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb
Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə keçirilmiş müsabiqələrin qalibləri mükafatlandırılıb
Sumqayıt Dövlət Universitetinin yaradılmasının 60 illik yubileyi münasibətilə təsdiq edilmiş Tədbirlər  Planına uyğun olaraq, universitetin öz tələbələri arasında elan etdiyi “Mənim doğma universitetim” adlı esse-yazı müsabiqəsinin və  eləcə də SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaş və tələbələri arasında idman spartakiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Universitetlərin və ali təhsilin inkişaf tarixi göstərir ki, ali məktəblərin tərəqqisi ilə cəmiyyətin bütün sahələrində əsaslı irəliləyişlər paralel surətdə gedir. Azərbaycan Respublikasının ən dəyərli, qabaqcıl ali məktəblərindən biri kimi səciyyələndirilən, Sumqayıt şəhərinin əsas elm, təhsil, ictimai fikir və mədəniyyət mərkəzlərindən olan 60 illik yubileyini qeyd edən Sumqayıt Dövlət Universiteti ölkəmizin ali məktəbləri sistemində yüksək nüfuzu, hərtərəfli inkişafı, yüksəkixtisaslı kadrların hazırlanması sahəsindəki fəaliyyəti ilə diqqəti cəlb edir. Bu istiqamətdə Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi və Zəfər Günü münasibətilə həm universitet, həm də SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin əməkdaş və tələbələri arasında idman spartakiadası, “Mənim doğma universitetim” mövzusunda esse-yazı müsabiqəsi, SDU-nun 60 illik fəaliyyətini əks etdirən fotoşəkillərdən və Zəfər Günü ilə əlaqədar tələbələrin əl işləri və rəsm əsərlərindən ibarət sərgi, SDU-nun 60 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışları keçirilmişdir.
Dekabrın 1-də universitetin Böyük Akt zalında keçirilən mükafatlandırılma mərasimində tədbiri Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov açaraq, universitet rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri fərmana layiq görülən qalibləri təbrik etdi, vurğuladı ki, Sumqayıt Dövlət Universiteti nüfuzlu elm və təhsil ocağı olmaqla bərabər, həm də güclü mədəniyyət mərkəzidir. İdman isə universitetin ictimai həyatında xüsusi yer tutur. Elə Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyinə həsr olunmuş fakültələrarası “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışının, idman spartakiadasının, “Mənim doğma universitetim” mövzusunda esse-yazı müsabiqəsinin keçirilməsinin də əsas məqsədi tələbələri milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltmək, mədəni həyat tərzinin formalaşdırılması işinə köməklik göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı tələbə və əməkdaşları üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə və eyni zamanda tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsinə dəstək verməkdir.
Sonra qaliblər kubok, Fəxri fərman və sertifikatlarla təltif olundular.
Çıxış edənlər qalibləri təbrik edib, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzuladılar.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az