Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş dəyirmi masa təşkil edilib
SDU-da Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş dəyirmi masa təşkil edilib
Sumqayıt Dövlət Universitetində Filologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əhməd Cavadın 130 illiyinə həsr olunmuş "Yol ver Türkün bayrağına" adlı dəyirmi masa təşkil edildi.
Tədbiri giriş sözü ilə Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov açaraq bildirdi ki, tədbir Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin böyük Azərbaycan şairi Əhməd Cavadın anadan olmasının 130 illiyinin keçirilməsinə dair Sərəncamına əsasən təşkil edilmişdir. Avtandil Məmmədov böyük şair Əhməd Cavadın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Qeyd etdi ki, ədəbi mühitdə və geniş ictimaiyyətdə həm də cümhuriyyət dövrünün ən parlaq şairi kimi tanınan Əhməd Cavadın bədii, siyasi ideya dünyası təbiət və sevgi lirikası qədər zəngindir. Onun Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti, həmçinin mövqeyi yeni romantik və vətəndaşlıq poeziyamızın parlaq nümunələrini yaratması ilə xarakterizə olunur. Əhməd Cavadın Azərbaycanın müstəqilliyi, dövlət quruculuğu sahəsindəki fəaliyyəti bütün nəsillər üçün hər zaman örnək olmuşdur.
Professorlar: Astan Bayramov "Milli istiqlal şairi",  N.İsgəndərova "Əhməd Cavad görkəmli şair-tərcüməçi" mövzularında məruzə etdilər. Qeyd etdilər ki, Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir. Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır.
Tədbirdə fakültənin III kurs tələbəsi Günel Qənbərova şairin "Göygöl", IV kurs tələbəsi Fariz Rəcəbov "Çırpınırdı Qara dəniz" şeirlərini səsləndirdilər. Digər natiqlər Əhməd Cavadın həyat və yaradıcılığı haqqında maraqlı fikirlərlə çıxış etdilər.
Qeyd edək ki, Əhməd Cavadın 130 illiyinə həsr olunmuş bu tədbir şairin ölməz ruhuna dəyərli hədiyyə oldu.
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az