Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd edildi
SDU-da Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd edildi
Dekabrın 23-də Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə “Bir tələbənin təqdimatı” formatında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 3 oktyabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq görkəmli publisist Ömər Faiq Nemanzadənin 150 illik yubileyi münasibətilə hazırlanmış “Dili kəsilməyən millətin vücudu kəsilməz” adlı təqdimat keçirildi.
Qeyd edək ki, Filologiya fakültəsinin IV kurs tələbəsi Vəfa İsgəndərli tərəfindən hazırlanmış təqdimat SDU-nun 60 illik yubileyinə həsr olunub.
Tədbiri giriş sözü ilə fakültənin dekanı dosent Sevinc Həmzəyeva açaraq iştirakçıları salamladı, təqdimatın əhəmiyyətindən bəhs edərək bildirdi ki, tələbələrin elmi-pedaqoji araşdırmaları istiqamətində müxtəlif mövzulara həsr olunacaq “Bir tələbənin təqdimatı” formatında silsilə tədbirlər davam edəcək.
Dekan Ömər Faiq Nemanzadənin 150 illik yubileyinin keçrilməsinə dair Azərbaycan Respublikası Prezidentinin Sərəncamı haqqında məlumat verərək, mütəfəkkirin həyat və yaradıcılığından danışdı. Bildirdi ki, Ö.F.Nemanzadə azərbaycançılıq ideyalarının təbliğində xidməti olan alovlu publisist və vətənpərvər ziyalı olmuşdur. XX əsrin ilk günlərindən başlayaraq, Azərbaycan xalqının milli dirçəlişi, azadlığı və xoşbəxtliyi uğrunda cəsarətlə mübarizə aparanlardan biri də o idi. Dərin biliyə, elmi dünyagörüşünə, bütöv xarakterə malik olan Ö.F.Nemanzadə vətəni və xalqı üçün döyünən hərarətli bir qəlb sahibi idi. O, bütün müsəlman Şərqində məşhur olan “Molla Nəsrəddin” satirik jurnalının həmtəsisçisi olmaqla milli jurnalistikanın formalaşmasında və inkişafında mühüm xidmətlər göstərib.
O təkcə "Molla Nəsrəddin" jurnalında deyil, eyni zamanda, o dövrdə çap edilən bir sıra qəzet və jurnallarda "Açıq söz", "Tərəqqi", "İrşad", "Həyat", "Rəncbər", "Adıgün kolxozçusu", "Kommunist", "Qızıl bayraq", "Bağban" və s. çıxış edərək öz yaradıcılıq missiyasını əsl vətənpərvər məsuliyyəti ilə yerinə yetirib və Azərbaycan xalqının dəyərlərini öz yaradıcılığında təbliğ edib. Həbsə düşməyinin, repressiya qurbanı olmağının da əsl səbəbi məhz onun dil, maarif, yeni əlifba və türkçülük təəssübkeşi olması idi.
Filologiya fakültəsinin IV kurs tələbəsi Vəfa İsgəndərli hazırladığı təqdimatla Axısqa türklərinin tarixi və mədəniyyəti  haqqında çıxış etdi. 1944-cü ildə sovet rejimi tərəfindən tarixi vətənlərindən Orta Asiya və Qazaxıstana sürgün edilən, 12 il xüsusi komendant rejimi şəraitində yaşayan, sürgün yollarının və qürbət güzəranının əzablarından on minlərlə soydaşları tələf olan Axısqa türklərinin 1958-ci ildən başlayaraq Azərbaycana köçünün tarixi, ölkəmizdə məskunlaşmalarının coğrafiyası, milli varlıqlarının sosial-mədəni aspektləri barədə geniş məlumat verdi. Sonra Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin geniş yaradıcılığından bəhs etdi. Qeyd etdi ki, Ömər Faiq Nemanzadə Molla Nəsrəddin ədəbi məktəbinin əsas yaradıcılarından, Cəlil Məmmədquluzadənin ən yaxın silahdaşlarından biri, Azərbaycanda milli mətbuatın və ictimai fikrin inkişafında böyük xidmətləri olan mütəfəkkir olub. O, Azərbaycanda qadın azadlığı, Azərbaycan dili məsələsi, Azərbaycan milli-mənəvi varlığının azərbaycançılıq mövqeyindən meydana qoyulmasında nümunə göstərmişdir.
Elm və innovasiyalar üzrə prorektor professor Ramazan Məmmədov, Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Avtandil Məmmədov, Kimya və onun tədrisi metodikası kafedrasının professoru Muxtar Səmədov təqdimatın mövzusunun geniş şərh olunduğunu qeyd etdilər. Ömər Faiq Nemanzadənin dil və mətbuat fədaisi kimi yorulmaz fəaliyyətindən söz açaraq azərbaycançılıq məfkurəsinin Ömər Faiq Nemanzadənin publisistik irsinin başlıca leytmotivini təşkil etdiyini, bu cür maarifləndirici tədbirlərin həm Azərbaycan diasporunun nümayəndələri, həm də gənc filoloqlar, alimlər və tələbələr üçün əhəmiyyətini vurğuladılar.
Azərbaycanda yaşayan Axısqa türkləri “Vətən” İctimai Birliyinin sədr müavini Yusif Səfərov çıxış edərək iştirakçılara ATVİB sədri Xalid Xəlilovun salamlarını çatdırdı və tələbə Vəfa İsgəndərli tərəfindən hazırlanmış təqdimatı yüksək qiymətləndirdi. Bildirdi ki, Axısqalılar da Azərbaycana doğma vətənləri kimi xidmət göstərmiş və bu gün də göstərirlər. Ömər Faiq Nemanzadə, Əhməd Bəy Pepinov, Şəfiqə Əfəndizadə, Adil Əfəndiyev, Fuad Əfəndiyev, Mövlud Bayraqdarov, Məhəmməd Cəlilov, Bəkir Mamoyev kimi bir çox Axısqa əsilli ziyalılar Azərbaycanın ictimai həyatında fəal iştirak etmişlər.
Tədbirin sonunda tələbələrin iştirakı ilə “Şərqi-Rus” qəzetində Ömər Faiq Nemanzadənin Cəlil Məmmədquluzadə və Əli bəy Hüseynzadə ilə görüşlərindən ibarət səhnəcik nümayiş olundu.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az