Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun bir qrup müəllim və tələbəsi şəhid ailəsini ziyarət edib
SDU-nun bir qrup müəllim və tələbəsi şəhid ailəsini ziyarət edib
Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir. Sumqayıt Dövlət Universiteti də şəhid adının hər zaman uca tutulmasına və onlara hər bir işdə dəstək göstərilməsinə çalışır. Universitetin Kimya və biologiya fakültəsinin bir qrup professor-müəllim və tələbəsi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində fakültənin məzunu, Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş baş-leytenant Teymur Əzizovun ailəsini ziyarət edib.
Görüşdə Kimya və biologiya fakültəsinin dekan müavini Sabir Ələkbərov çıxış edərək 44 gün davam edən Vətən müharibəsində qazandığımız nailiyyətlərdən, qəhrəman igidlərimizin torpaqlarımızın azadlığı uğrunda göstərdikləri şücaətdən danışdı.
Sabir Ələkbərov onu da qeyd etdi ki, bu döyüşlərdə Sumqayıt Dövlət Univeristetinin də məzun və tələbələri Vətənə layiq qəhrəman oğullar kimi ad qazanıblar.
Səmimi söhbət əsnasında şəhid Teymur Əzizovun qəhrəmanlığı və igidliyi barədə danışıldı, onun təhsil aldığı Sumqayıt Dövlət Universitetindəki nümunəvi tələbəlik illəri xatırlandı.
Ailə üzvləri qeyd etdilər ki, Teymur Əzizov şəhidliyi ən yüksək məqam sayırdı.
Qeyd edək ki, Azərbaycan Ordusunun leytenantı olan Teymur Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Teymur Əzizov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Teymur Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 noyabr 2020-ci il və 24 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən ölümündən sonra “Füzulinin azad olunmasına" və “Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az