Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi
Sumqayıt Dövlət Universitetinin rektorluğunun növbəti iclası keçirildi
Yanvarın 17-də Sumqayıt Dövlət Universitetində rektorluğun növbəti iclası keçirildi.Rektor professor Elxan Hüseynov iclası açıq elan edərək iştirakçıları salamladı, gündəlikdə olan məsələləri nəzərə çatdırdı və qarşıda duran vəzifələrdən danışdı. Təhsilin keyfiyyətinin yüksəldilməsinə, elmi fəaliyyətin gücləndirilməsinə, insan resurslarının inkişafına, müəllimlərin iş şəraitinin daha da yaxşılaşmasına xidmət edən məsələlərə toxundu.
SDU-nun Pedaqogika və psixologiya, Coğrafiya və onun tədrisi metodikası, Riyazi analiz və funksiyalar nəzəriyyəsi, Elektromexanika, Biologiya və onun tədrisi metodikası kafedralarında tədris prosesinin təşkilinin vəziyyəti və təkmilləşdirilməsi tədbirləri haqqında Tədris Metodiki Şuranın sədri dosent Musa Mustafayev çıxış edərək ətraflı məlumat verdi. Qeyd etdi ki, Azərbaycan təhsilinin Avropa təhsil sisteminə inteqrasiya edilməsi, Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması istiqamətində bir sıra qərarlar qəbul edilmişdir. Bütün bunlar göstərir ki, ölkəmizdə təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu baxımdan təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsilalanların və təhsilverənlərin məmnunluq səviyyəsinin artırılması SDU-nun diqqət mərkəzindədir. Dosent M. Mustafayev bildirdi ki, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən amillərdən biri müəllimlərin aktiv dərs yükünün normativ tələblərə uyğun şəkildə planlaşdırılması, digəri isə müəllimlərin tədris etdiyi fənlərin düzgün seçilməsi və sayının normalara uyğun planlaşdırılmasıdır. Bu məqsədlə Sumqayıt Dövlət Universitetinin kafedralarında tədris prosesinin təşkilinin vəziyyətini müəyyənləşdirmək məqsədilə adı çəkilən beş kafedrada yoxlama aparılmış, həmin kafedralarda illik dərs yükünün həcminin çoxluğunu nəzərə alaraq, yüksəkixtisaslı mütəxəssislərin cəlb olunması yönümündə işlərin aparılması kafedra müdirlərinə və fakültə dekanlarına tapşırılmışdır.
Dosent Musa Mustafayev kafedralarda tədris prosesinin təşkilinin vəziyyəti və təkmilləşdirilməsi prosesinə nəzarətin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbova həvalə olunduğunu diqqətə çatdırdı.
Sonra Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri professor Əkbər Ağayev qeyd etdi ki, əvvəllər Elm və Təhsil Nazirliyinin xətti ilə kafedra müdirlərindən ibarət qeyri-rəsmi qrup yaradılmışdı. Tədris planları, ixtisaslara ayrılan fənlər, fənlərə ayrılan saatlar kafedra müdirlərinin iştirakı ilə müzakirə olunub, müəyyən qərarlar qəbul olunurdu. O, indi də belə  yanaşmanın  ümumi işin xeyrinə ola biləcəyini vurğuladı.
Elm və Təhsil Nazirliyinin 2022−2023-cü tədris ilində keçirdiyi müəllimlərin işə qəbulu müsabiqəsinin 2018−2022-ci illər üzrə nəticələri və SDU qarşısında duran vəzifələr haqqında Təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri Nərmin Həsənova məlumat verdi. Müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edən məzunların işlə təmin olunması prosesinə Karyera və Məzunlarla İş Mərkəzinin, müəllimlik peşəsi üzrə təhsil alan, öz fəallığı ilə seçilən və xüsusi istedadı olan tələbələrin  isə fakültə dekanlarının diqqət mərkəzində saxlanıldığını bildirdi.
Professor Elxan Hüseynov qeyd etdi ki, bizim gözləntilərimiz daha çoxdur. Elm və Təhsil Nazirliyinin statistik məlumatlarını nəzərə alaraq, müəllimlik ixtisaslarında təhsil alan tələbələrlə əlavə məşğələlərin təşkil olunması və onların əlavə olaraq MİQ proqramı üzrə hazırlaşmalarına köməklik göstərilsin.
Elm və Təhsil Nazirliyində 2022-ci il 20 dekabr tarixində Ali Təhsil Müəssisələrinin rektorları ilə keçirilmiş görüşdə bakalavriat səviyyəsində üçillik təhsil proqramına keçidlə bağlı təqdimatın SDU əməkdaşları arasında müzakirəsinin təşkil edilməsi haqqında Tədris Metodik Mərkəzin Tədris bölməsinin müdiri Sabir Behbudov çıxış edərək bakalavriat səviyyəsində üçillik təhsil proqramına keçidlə bağlı təhlillər aparılması üzrə üçillik təhsil proqramına keçidin müsbət və mənfi tərəflərinin əsaslandırılmasının fakültə dekanlarına tapşırıldığını qeyd etdi.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi və rektorluğun iclası öz işini başa çatdırdı. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az