Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Xocalı faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir
SDU-da Xocalı faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir
“Xocalı soyqırımının otuz birinci ildönümünün keçirilməsi ilə əlaqədar Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası elm və təhsil nazirinin 15 fevral 2023-cü il tarixli 3-29/3-2-55F/2023 nömrəli əmri ilə təsdiq edilmiş Tədbirlər planına uyğun Sumqayıt Dövlət Universitetinin Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planının icrasını təmin etmək məqsədilə fevral ayının 21-dən Sumqayıt Dövlət Universitetinin bütün fakültələrində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, erməni qəsbkarlarının xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar arasında xüsusi amansızlığına görə seçilir. Dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidis, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı zamanı vaxtilə 7 mindən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi. 31 ildir ki, xalqımız bu qanlı cinayətin mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır. Həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri xalqımızın yaddaşından heç zaman silinməyəcək. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət əleyhinə törədilmiş qanlı cinayətdir. Dünyanın sülhsevər insanları, sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları, beynəlxalq ictimaiyyət bu acı həqiqəti bilməli, insanlığa qarşı törədilən bu cinayət öz hüquqi qiymətini almalıdır. Qeyd edək ki, ozamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymətin verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görməyib. Lakin Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq siyasi-hüquqi müstəvidə qiymət verilmiş, 1994-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Parlamenti 26 fevralı “Xocalı soyqırımı” Günü kimi qəbul etmişdir. Hər il bu dəhşətli faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur.                                                                                                         
SDU-nun fakültələrində müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən tədbirlərdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin, həmçinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilir, dəhşətli soyqırımına həsr olunmuş sənədli filmlər nümayiş olunur, faciəni əks etdirən foto və kitablardan ibarət sərgilərə baxış keçirilir və tələbələrin ifasında Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii kompozisiyalar nümayiş olunur. Fakültə dekanları və çıxış edən natiqlər Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs edərək Xocalı soyqırımının milli yaddaşımızdakı yeri və əhəmiyyətindən söhbət açdılar, bu faciənin yaratdığı kədər məhfumunun Azərbaycan milli kimliyinin və birliyinin formalaşmasında aparıcı amillərdən biri olduğunu qeyd etdilər və bunun 44 günlük Vətən müharibəsindəki qələbəyə böyük töhfə verdiyini bildirdilər. Ümummilli lider Heydər Əliyevin Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində tarixi rolundan və bu gün bu işin Azərbaycan dövləti, eləcə də Heydər Əliyev Fondu tərəfindən çox uğurla aparılmasından danışdılar.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az