Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
SDU-da Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirildi
Fevralın 24-də Sumqayıt Dövlət Universitetində Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Əvvəlcə universitetin rəhbərliyi və tələbə heyəti universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Sonra şəhidlik zirvəsinə ucalan tələbə-məzunların universitetin həyətində yaradılmış xatirə abidəsini ziyarət edib abidə önünə gül dəstələri düzdülər. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Tədbir iştirakçıları universitetin foyesində Xocalı soyqırımı ilə əlaqədar təşkil olunmuş fotolardan ibarət rəsm sərgisinə baxış keçirdilər.
Böyük Akt zalında davam edən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Həmin dəhşətli soyqırıma həsr olunmuş sənədli film izlənildi.
SDU-nun rektoru professor Elxan Hüseynov və universitetin professor-müəllim, tələbə heyətinin iştirak etdiyi tədbirdə universitetin tələbələrinin iştirakı ilə hazırlanan, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımını özündə əks etdirən “Sükutun son səsi” adlı ədəbi-bədii kompozisiya nümayiş olundu.
Kompozisiyada 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ancaq azərbaycanlı olduqlarına və doğulub boya-başa çatdıqları ata-baba yurdlarını tərk etmədiklərinə görə qəddarlıqla öldürülən insanların faciəsindən danışılırdı.
Tələbələrin oynadığı rollar, dedikləri şeirlər, oxuduqları mahnılar ancaq 31 il əvvəl yaşanan faciələrimizə deyil, 3 il əvvəl yaşanan, ərazi bütövlüyümüzün təmin edilməsi ilə nəticələnən Vətən müharibəsinin qəhrəmanlıq səhifələrinə də işıq saçdı.
Sonda rektor professor Elxan Hüseynov hazırladıqları kompozisiyaya görə universitetdə təhsil alan yerli və əcnəbi tələbələrə təşəkkürünü bildirdi.
Rektor Azərbaycan xalqının tarixinə qara səhifə kimi yazılmış Xocalı faciəsinin dəhşətlərindən bəhs etdi, bu faciəyə uzanan yoldan və bəşəriyyət əleyhinə törədilmiş cinayətdən danışdı. Bildirdi ki, xalqımızın və bəşəriyyətin tarixinə qanlı faciə kimi daxil olmuş Xocalı soyqırımından 31il keçir. 31 il bundan öncə ermənilər xalqımıza qarşı xüsusi qəddarlıqla və böyük amansızlıqla Xocalı qətliamını törətdilər. Xocalıda dinc, mülki əhali, o cümlədən körpələr, qadınlar, qocalar xüsusi vəhşiliklə qətlə yetirildi. Xocalı soyıqırımı xalqımıza qarşı törədilmiş böyük hərbi cinayətdir.
Rektor onu da vurğuladı ki, xalqımızın digər milli faciələri kimi, Xocalı soyqırımına da ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ilk dəfə olaraq siyasi-hüquqi müstəvidə qiymət verildi. 1994-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi qəbul edib. Hər il bu dəhşətli faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən ürəkağrısı ilə qeyd olunur.
Bu gün Ulu öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəyə çevirən Prezident cənab İlham Əliyev Azərbaycan həqiqətlərinin, həmçinin Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində də böyük qətiyyət nümayiş etdirir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətləri var. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası dünyanın bir çox ölkəsində uğurla həyata keçirilir.
Rektor onu da diqqətə çatdırdı ki, Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmayacaq. 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin edildiyini və üçrəngli bayrağımızın doğma Qarabağda dalğalanması bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığını bildirdi və xalqımıza qarşı törədilənlər həqiqətləri ilk öncə övladlarımıza, sonra dünyaya çatdırmağın, gələcək nəsillərə əyani surətdə göstərməyin və təbliğinin vacibliyini xüsusi qeyd etdi.
Bildirdi ki, bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi ziyarət edir. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alındı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az