Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da innovativ peşələrin təşviqinə dair panel müzakirəsi keçirildi
SDU-da innovativ peşələrin təşviqinə dair panel müzakirəsi keçirildi
Fevralın 28-də Sumqayıt Dövlət Universitetində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və SUP.VC şirkətinin təşkilatçılığı ilə Sumqayıt şəhərində innovativ peşələrin təşviqinə dair panel müzakirəsi keçirildi.
Tədbirdə Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti ilə yanaşı, Gənc Alimlər Şurasının və Tələbə Elmi Cəmiyyətinin üzvləri və  Rəqəmsal İnkişaf Agentliyinin layihə rəhbəri  Gülnar Mirhüseynova, ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Hasil Abbasov, ekspert Vüsal Kərimli iştirak etdilər.
Panel müzakirəsi zamanı təqdim edilən layihə çərçivəsində ilk tədbirin fevral ayının 16-da Sumqayıt Gənclər Evində təşkil olunduğu bildirildi. Layihənin davamı kimi bu gün keçirilən tədbirin məqsədi gənclərin potensialını kəşf etmək, onların innovativ ideyalarını dəyərləndirmək, yerli icmanın formalaşmasını təmin edərək startap quruculuğuna həvəsləndirmək olduğu diqqətə çatdırıldı.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə rəhbəri Gülnar Mirhüseynova iclas iştirakçılarına müraciət edərək həqiqətlərin daha sürətlə diqtə etdiyi gerçəkliklərdən söz açdı təmsil etdiyi qurumun bu işdə iştirakını şərtləndirən amillər, rəhbərlik etdiyi layihənin həyata keçirdiyi texniki təqaüd proqramları  barədə məlumat verdi, bu təqaüd proqramının  nominantları üçün lazım olan parametrlər haqqında danışdı.
SDU-nun Karyera və Məzunlarla İş Mərkəzinin müdiri dosent Əmirxan İsayev  hər il gənclər üçün əmək yarmarkalarının təşkil edilməsi və keçirilməsinin təhsil prosesində yekun mərhələ olmadığını bildirdi, qarşıda duran vəzifələr barədə danışdı. Qeyd etdi ki, Sumqayıt Dövlət Universitetin Elmi Şurasında təsdiq olunan “2020‒2025-ci illər üçün “Strateji İnkişaf Planı”nda SDU-nun nəzdində “İnnovasiya Yaradıcılıq Mərkəzi”nin yaradılması  istiqamətində mühüm işlər görülüb. Universitetdə bu istiqamətdə görülən işlər təhsil, elm, sənaye və biznes vəhdətində müxtəlif sahələr üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına öz müsbət təsirini göstərəcəkdir.
Sonra “SUP VC”-nin icraçı direktoru Rəşad Eyvazov iştrakçıları salamladı və görüşün təşkilinə və yaradılan şəraitə görə Sumqayıt Dövlət Universitetinin rəhbərliyinə təşəkkür etdi, rəhbərlik etdiyi şirkətin təşkilatçılığı ilə həyata keçirilən layihələrdən bəhs etdi. Rəşad Eyvazov qeyd etdi ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq regional startap mərkəzləri yaradılır. 5 region üzrə yüzlərlə gəncə innovativ ideyaları real biznesə çevirməyin yol xəritəsi izah ediləcək və onlara startapların qurulması istiqamətində yeni imkanlar yaradılacaq. Rəşad Eyvazov onu da vurğuladı  ki, “Layihə çərçivəsində yüzlərlə gənc öz innovativ ideyalarını necə biznesə çevirməyi, həmçinin startap qurmağı öyrənəcək. Bu fürsət region gəncləri üçün bir ilkdir və sevinirik ki, regional startap mərkəzlərinin qurulmasına nail olduq. Biz bu mərkəzlərdə peşəkar təlimçilərin yetişdirilməsini də qarşımıza hədəf qoymuşuq. Təlimçilər yeni iştirakçılara mentorluq proqramları keçərək onlara startap icmasının üzvü olmağa dəstək göstərəcəklər”.
Sonda interaktiv debatlar təşkil olundu, spikerlər tərəfindən   suallar cavablandırıldı.  
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az