Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin rektorluğunun genişləndirilmiş iclası keçirildi
Sumqayıt Dövlət Universitetinin rektorluğunun genişləndirilmiş iclası keçirildi
Aprelin 7-də Sumqayıt Dövlət Universitetinin rektorluğunun genişləndirilmiş iclası keçirildi. SDU-nun rektoru professor Elxan Hüseynov iclası açıq elan edərək iştirakçıları salamladı, gündəlikdə olan məsələləri nəzərə çatdırdı.
Sonra gündəlikdə olan məsələlərin müzakirəsinə başlanıldı.
Magistrantların XXIII Respublika elmi konfransına hazırlığın vəziyyəti barədə Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilov məlumat verdi. Bildirdi ki, ali təhsil müəssisələrində 2023-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısına uyğun olaraq, Sumqayıt Dövlət Universitetində Magistrantların Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş XXIII Respublika elmi konfransının 11-12 may 2023-cü il tarixlərində keçirilməsi planlaşdırılmışdır. Təşkilat Komitəsi yaradılmış, Elm və təhsil müəssisələrinə məktub göndərilmiş, universitetin sdu.edu.az portalında konfransın keçirilməsi barədə elan yerləşdirilmiş,konfransa 26 elm və təhsil müəssisəsindən 900-dən çox müraciət daxil olmuşdur.780 material ekspertizadan keçdikdən sonra 734 tezis qəbul edilmiş və hələlik 46 tezisdən plagiata görə və tələblərə cavab vermədiyi üçün imtina edilmişdir.
Dosent Sabir Xəlilov onu da qeyd etdi ki, hazırda Magistrantların XXIII Respublika elmi konfransına daxil olmuş digər materialların ekspertizası yekulaşmaq üzrədir. Buna parlel olaraq bölmələr formalaşdırılır və proqram tərtib edilir. “Ümid edirəm ki, konfrans fakültə dekanlarının, kafedraların, İnformasiya Texnologiyalar Mərkəzinin və Redaksiya və nəşr işləri şöbəsinin dəstəyi ilə vaxtında və lazım olan səviyyədə keçiriləcək”.
Rektor professor Elxan Hüseynov qeyd etdi ki, Magistrantların Respublika elmi konfransını hər il keçiririk, artıq kifayət qədər təcrübə var, bununla yanaşı, bütün materiallar ciddi yoxlanılmalı, texniki məsələlər vaxtında həll olunmalı və diqqət mərkəzində saxlanılmalıdır. Aparılan müzakirələrdən sonra konfransın təşkili və gedişatına nəzarət Doktorantura və magistratura şöbəsinin müdiri dosent Sabir Xəlilova tapşırıldı.
Sumqayıt Dövlət Universitetinin maddi-texniki bazasının daha da gücləndirilməsi barədə İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyev məruzə etdi.
Məruzəsində 2022-2023-cü illər ərzində görülən işlərdən danışan prorektor II tədris binası və Tələbə Evini istiliklə təmin edəcək qazanxananın, 2 ədəd 110 kubmetrlik su anbarının, artıq istismara verildiyini qeyd etdi. Hazırda ərazinin işıqlandırılması və kameraların quraşdırılması, yeni səkilərin düzəldilməsi, həmçinin elektrik enerjisi ilə təmin edəcək generatorun qurulması üzrə işlərin aparıldığını qeyd etdi. Bunlardan əlavə, minifutbol meydançası, besetkalar, soyunub-geyinmə otağı, qaçış meydançası və velosiped zolağı, poliqonun abadlaşdırılması sahəsində işlərin getdiyini söyləyən Naib Hacıyev perspektiv planlar barədə də danışdı: “İlk növbədə, universitetin təhlükəsizlik tədbirləri çərçivəsində turniketlərin quraşdırılmasını vacib sayırıq. Bundan əlavə, III tədris binasının fasadının yenilənməsi, A korpusunun əsaslı təmir edilməsi,  təzə qazanxananın tikintisi, istilik sistemlərinin qaydaya salınması qarşıda duran təxirəsalınmaz məsələlərdəndir”. Ali təhsil müəssisəsinin tədqiqat universitetinə çevrilməsi istiqamətində işlərin sürətləndirilyini qeyd edən ptorektor  3 fakültədə laboratoriyaları üçün avadanlıqların alındığını diqqətə çatdırdı, kompüterlərin yenilənməsi, yeni tədris binası və innovasiya mərkəzinin layihələndirmə-tikintisi nəzərdə tutulduğunu, həmçinin mövcud hər iki korpusda yanğın texniki sisteminin quraşdırılması üçün layihələndirmə işinin yaxın vaxtlarda başa çatdırılacağını bildirdi.
Sonra Sumqayıt Dövlət Universitetinin III tədris binasının təmiri və yenidən qurma işlərinə nəzarət, universitetin həyətyanı sahəsində aparılan abadlıq işlərinin daim diqqətdə saxlanılması, kompüter və laboratoriya avadanlıqlarının  alınması istiqamətində təkliflərin toplanması İqtisadi məsələlər üzrə prorektor Naib Hacıyevə tapşırıldı.
Sumqayıt Dövlət Universitetində nizam-intizam qaydalarına riayət edilməsinin vəziyyəti haqqında Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor dosent Elmar Xəlilov geniş məruzə etdi. Qeyd etdi ki, hər bir müəssisənin uğur və nailiyyətləri oradakı nizam-intizam qaydalarına ciddi riayət edilməsinin nəticəsidir. Son dövrlər SDU bir çox uğurlara imza atmış, universitetin maddi-texniki bazası gücləndirilmiş, əməkdaşların iş şəraiti yaxşılaşdırılmış, yüksəkixtisaslı kadrların hazırlanmasına diqqətin artırılması, yüksək reytinqli universitetlərlə əməkdaşlıq, müxtəlif  intellektual və idman yarışlarında əldə etdiyimiz uğurlar universitetimizin fəaliyyətini daha da artırmışdır.
Prorektor onu da qeyd etdi ki, nizam-intizam qaydaları ciddi nəzarətdə saxlanılır mütəmadi olaraq kadrlar şöbəsinin nümayəndəsi, Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən yoxlamalar həyata keçirilir və müəyyən edilən çatışmazlıqlarla əlaqədar tədbirlər görülür. Dosent E.Xəlilov bəzi konkret faktları nəzərə çatdırdı və müvafiq təkliflər irəli sürdü.
Sonra rektorluğun iclasında nizam-intizamla bağlı gündəliyə çıxarılan məsələlərin kollektivdə müzakirəsinin təşkil edilməsi, müvafiq tədbirlər görülməsi fakültə dekanlarına, struktur rəhbərlərinə tapşırıldı və əməkdaşların işə davamiyyətinə nəzarət Kadrlar şöbəsinin müdiri Nofəl Əhmədova və Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayevə tapşırıldı.
Aparılan müzakirələrdən sonra müvafiq qərarlar qəbul edildi və rektorluğun iclası öz işini başa çatdırdı. 
Mətbuat xidməti

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az