Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun rektoru “Code Academy” nin nümayəndələrini qəbul etdi
SDU-nun rektoru “Code Academy” nin nümayəndələrini qəbul etdi
Elm və Təhsil Nazirliyi, “Code Academy” tədris müəssisəsinin birgə təşkilatçılığı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə Sumqayıt Dövlət Universitetində #codeforfuture layihəsi həyata keçirilir. Bu məqsədlə aprelin 17-də Sumqayıt Dövlət Universitetində #codeforfuture layihəsinin rəhbər nümayəndələri ilə növbəti görüş oldu.
Sumqayıt Dövlət Universitetinin rektoru professor Elxan Hüseynov “Code Academy”nin təsisçisi və baş direktoru Ülvi Aslanovu, layihə rəhbəri Fərid Əsədlini, biznesin inkişafı üzrə baş mütəxəssisi Tuğrul Kapucuoğlunu qəbul edərək, onları universitetdə görməkdən məmnunluğunu ifadə etdi.
Professor Elxan Hüseynov çıxışında Azərbaycan təhsilinin milli və bəşəri ənənələr üzərində inkişafının əsas perspektivlərini müəyyənləşdirib həyata keçirmək istiqamətində ali təhsil müəssisələrinin üzərinə çox şərəfli və məsuliyyətli vəzifələr düşdüyünü qeyd etdi. Onun vəzifəsinin təkcə peşəkar kadrlar yetişdirmək deyil, həm də sözün həqiqi mənasında, dövlətinə, millətinə layiqli vətəndaşlar yetişdirmək olduğunu deyən rektor bu kontekstdə respublikamızın bütün ali təhsil ocaqları kimi, SDU-nun da özünəməxsus yeri və dəst-xətinin olduğunu bildirdi: “İllər ötdükcə SDU məhz Ulu Öndər Heydər Əliyevin elm və təhsilə yüksək önəm verməsi, onun siyasi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin diqqəti və qayğısı sayəsində regionun və ölkəmizin nüfuzlu elm-tədris müəssisələrindən birinə çevrilmişdir. Ölkəmizdə olduğu kimi, SDU-da da əmək bazarına cavab verən, rəqabətədavamlı, yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu layihələr gerçəkləşir, respublikamızla yanaşı, bir sıra digər ölkələr üçün elmi-pedaqoji kadr hazırlanması işini müvəffəqiyyətlə həyata keçirir”.
Rektor, #codeforfuture layihəsinin əhəmiyyətindən danışaraq bildirdi ki, bu, ali təhsil müəssisələrində tədrisin keyfiyyətinə müsbət təsir edəcək innovativ yanaşmadır, ölkəmizin hərtərəfli inkişafına sağlam, yüksək təhsilli gənclərin yüksəkixtisaslı kadr kimi yetişməsi üçün çox önəmlidir və gələcəkdə işlə təmin olunmalarına geniş imkanlar yaradacaqdır:““Code Academy”nin proqramına uyğun aparılan tədris tələbələrin İT sahəsində qabaqcıl biliklərə yiyələnmələrinə müsbət təsir göstərəcəkdir”.
Rektor Elxan Hüseynov layihənin gerçəkləşməsi üçün universitetdə tez bir zamanda 2 auditoriya və müəllimlər otağının yüksək keyfiyyətlə təmir edilərək istifadəyə verildiyini, otaqların elektrik, yüksəksürətli internetə çıxış xətti ilə təmin olunduğunu xatırladaraq bu istiqamətdə nəzərəçarpan işlərin görüldüyünü qeyd etdi: “Layihənin regionlarda genişlənməsi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin xüsusi dəstəyi ilə "Technest" təqaüd proqramı çərçivəsində otaqlar mebellər, yüksək texniki göstəricilərə malik kompüterlər, internetə çıxışı təmin etmək üçün avadanlıqlarla təmin olunub, proyektorlar quraşdırılıb və montaj işləri yerinə yetirilərək, istifadəyə verilib”.
Sonra “Code Academy”nin təsisçisi və baş direktoru Ülvi Aslanov Sumqayıt Dövlət Universitetində yüksək səviyyədə qarşılanma, həmçinin layihənin həyata keçirilməsi üçün yaradılan yüksək şəraitə görə rektor professor Elxan Hüseynova dərin təşəkkürünü bildirdi. 2021-ci ildən etibarən “Code for Future” layihəsi çərçivəsində həyata keçirdikləri işlər barədə geniş məlumat verən təsisçi, layihənin tələbələr üçün önəmindən bəhs edərək, SDU tələbələri üçün İT sahəsində geniş imkanlar və perspektivlər yaradacağına əminliyini bildirdi. O, ümumilikdə 2023-cü ildən etibarən təkcə Bakıda deyil, həmçinin regionlarımızda təhsil alan tələbələrin faydalanması üçün daha böyük miqyasda tətbiq olunmasına başlandığını diqqətə çatdırdı.
Ülvi Aslanov onu da qeyd etdi ki, “Code Academy”nin kurslarında oxuyan 6 tələbəmiz “Code Academy”nin dəstəyi ilə “Microsoft” şirkətinin keçirdiyi imtahana qatılmış və hər biri Microsoft-un beynəlxalq sertifikatlarını əldə etmişlər. Qısa zamanda, kursu bitirməmiş belə, imtahanlara qatılaraq yaxşı nəticə göstərmək kursun keyfiyyətindən xəbər verir. Hazırda “Code Academy”nin dinləyicisi adını qazanmış SDU-nun 64 tələbəsi Şəbəkə admnistratoru və WEB proqramlaşdırma istiqamətləri üzrə 4 qrupda 16 tələbə olmaqla tədrislərini davam etdirir. Onu da qeyd etdi ki, layihənin əsas məqsədi tələbələrin İT sahəsində müasir dövrün əmək bazarının tələbinə uyğun peşələrin öhdəsindən gələ biləcək bilik və bacarıqlara yiyələnməsinə dəstək olmağı hədəfləyir.
Qarşılıqlı müzakirələr zamanı lahiyənin tələbələr arasında daha da genişləndirilməsi üçün mütəmadi görüşlərin keçirilməsi və gələcəkdə daha da geniş auditoriyaların açılması imkanları planlaşdırıldı.
Görüş qarşılıqlı  müzakirə şəklində davam etdi.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az