Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universiteti və Sumqayıt Apellyasiya Məhkəməsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş konfrans keçirilib
Sumqayıt Dövlət Universiteti və Sumqayıt Apellyasiya Məhkəməsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş konfrans keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin zəngin irsinə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.
Bu münasibətlə aprelin 17-də Ədliyyə Nazirliyi tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Sumqayıtda gənclər üçün “Heydər Əliyev mütərəqqi məhkəmə-hüquq islahatlarının müəllifidir” mövzusunda konfrans keçirildi.
Tədbirdə Ədliyyə Nazirliyinin məsul işçiləri, Sumqayıt apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri, məhkəmə aparatının əməkdaşları, Sumqayıt Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, SDU Həmkarlar İttifaqları Komitələri, SDU Tələbə Gənclər Təşkilatının sədri, SDU-nun tələbələri, Bakı Dövlət Universitetinin əməkdaş və tələbələri iştirak etdilər.
Əvvəlcə Ümummilli Liderin Sumqayıt şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyuldu və əziz xatirəsinə dərin ehtiram bildirildi. Həmçinin gənclər Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş maraqlı ekspozisiyalarla tanış olub, Ümummilli Liderə həsr olunmuş filmə baxdılar. Heydər Əliyev Mərkəzi ilə tanışlıq tələbələrdə xoş və zəngin təəssürat yaratdı.
Sumqayıt Məhkəmə Kompleksində davam edən tədbiri Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova açaraq xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri olan dahi öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan tədbirlərdən bəhs etdi. Bildirdi ki, Ümummilli Liderin hər kəsə örnək olan tükənməz irsi daim öyrənilməli və ondan bəhrələnilməlidir. Bugünkü tədbirin məqsədi məhz Heydər Əliyevin dühası ilə bərqərar olmuş məhkəmə-hüquq sisteminin fəaliyyəti və aparılan islahatlar barədə tələbələri məlumatlandırmaqdır.
Sonra Ümummilli Liderin mənalı ömür yoluna və gərgin fəaliyyətinə həsr olunmuş film nümayiş etdirildi.
Sumqayıt Apellyasiya Məhkəməsinin sədri Tofiq Paşayev çıxış edərək Ulu Öndərin müasir müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasında rolunu qeyd etdi, dahi rəhbərin təməlini qoyduğu və ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə aparılan ardıcıl tədbirlər və yeniliklər barədə tələbələri məlumatlandırdı, Sumqayıtda müasir Məhkəmə Kompleksinin inşasını bu islahatların mühüm tərkib hissəsi olduğunu bildirdi.
Çıxışlardan sonra tədbirdə sual-cavab sessiyası keçirilərək tələbələri maraqlandıran suallara aydınlıq gətirildi, maraqlı diskussiyalar aparıldı.
Konfrans çərçivəsində gənclər Sumqayıt Məhkəmə Kompleksində yaradılan müasir şəraitlə, o cümlədən ictimai və inzibati zonalar, məhkəmə iclas zalları, hakimlər üçün və digər otaqlarla, “Elektron məhkəmə” informasiya sistemi və tətbiq edilən rəqəmsal innovasiyalarla yaxından tanış oldular.
Sonda xatirə şəkilləri çəkdirildi.
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az