Əsas səhifə | Xəbərlər | “Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul olunmasının 20-ci ildönümü”nə həsr olunmuş elmi-praktiki konfrans keçirildi
“Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul olunmasının 20-ci ildönümü”nə həsr olunmuş elmi-praktiki konfrans keçirildi

Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Prezident yanında Bilik Fondu ilə birgə "Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul olunmasının 20-ci ildönümü"nə həsr olunmuş elmi-praktiki konfrans keçirildi.SDU-nun rəhbərliyi, professor-müəllim heyəti və qonaqlar universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini dərin ehtiramla yad etdilər.Konfransda rektor Elxan Hüseynov bildirdi ki, ötən əsrin 90–cı illərində əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalqımızın qarşısında dövlət təsisatlarının yaradılması, hüquqi və demokratik dövlət quruculuğu bütün zərurəti ilə gündəlikdə dururdu. Bunu isə xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan Ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi.
Rektor qeyd etdi ki, Konstitusiya layihəsini hazırlayan komissiyanın 1995-ci il noyabrın 10-da keçirilmiş son iclasında çıxışı zamanı ulu öndər Heydər Əliyev bu sənədin hazırlanmasına böyük məsuliyyət hissi ilə yanaşdığını xüsusi vurğulayaraq demişdir: "Komissiyanın sədri kimi şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bugün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bugünü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq". 1996-cı il fevral ayının 6-da Ümummilli lider Heydər Əliyev 12 Noyabrın Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunması barədə sərəncam imzaladı. Artıq 20 ildir Respublikamızda bu tarixi gün böyük təntənə ilə qeyd edilir.Professor Elxan Hüseynov onu da vurğuladı ki, Konstitusiyamız Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu üçün əsaslı zəmin yaradıb. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev də demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, insanların əsas hüquq və azadlıqlarının ən yüksək səviyyədə müdafiəsi istiqamətində mühüm addımlar atır. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan bu gün regionda lider dövlətə çevrilmiş, həmçinin dünyada layiqli yerini tutaraq iqtisadi inkişaf tempinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşmışdır.
Mən bu bayram münasibətilə sizi təbrik edirəm, arzu edirəm ki, Ulu öndərin müəllifi olduğu Konstitusiya gününü Dağlıq Qarabağımızda təntənəli qeyd edək və üçrəngli şanlı bayrağımızı Şuşada və Xankəndində dalğalandıraq.
Konfransda Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova çıxışında öncə bugünkü mötəbər tədbirin yüksək səviyyədə təşkil olunmasına görə universitetin rektoru Elxan Hüseynova dərin təşəkkürünü bildirdi və qeyd etdi ki, son dövrlər Sumqayıt Dövlət Universitetində aparılan yenidənqurma işləri və islahatlar məndə xoş təəssürat yaratdı. İnanıram ki, burada təhsil alan hər bir tələbə onlara yaradılan hərtərəfli şəraitdən səmərəli faydalanırlar və qazandıqları mükəmməl bilik ilə dünyanın qabaqcıl ölkələrində bacarıqlı kadr kimi özlərini doğruldacaqlar.
Sonra Dürdanə Məmmədova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin müraciət məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, hüquq üzrə fəlsəfə doktoru, dosent Ceyhun Qaracayevin "Azərbaycan Respublikası Konstitusiyasının dövlət quruculuğunda rolu" mövzusunda məruzə ilə çıxış edərək bildirdi ki, Azərbaycanın böyük dövlətçilik ənənələrinə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan, müstəqil dövlətimiz və xalqımız üçün taleyüklü əhəmiyyət kəsb edən Konstitusiya xalqımızın keçdiyi tarixi yolun, müstəqillik uğrunda apardığı çoxəsrlik mübarizənin məntiqi yekununun və təntənəsinin təcəssümüdür.
Konfransda Bilik Fondunun nümayəndəsi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət quruculuğu və hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Fəxrəddin Nağıyevin "Azərbaycan Respublikası Konstitusiyası- hüquqi dövlət quruculuğunun təminatı", Sumqayıt Dövlət Universitetinin Fəlsəfə və hüquq kafedrasının müdiri, professor Həsən Sadıxovun "Azərbaycan Respublikası Konstitusiyası mütərəqqi dəyərləri əks etdirən hüquqi sənəddir", Elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədovun "Konstitusiyamızda Azərbaycan dili", Avropa və Amerika ölkələrinin yeni və ən yeni tarixi kafedrasının müdiri, professor Şirxan Səlimovun "Müstəqil Azərbaycanın inkişafında ilk milli Konstitusiyamızın tarixi rolu", universitetin Baş hüquqşünası, dosent Əminə Həsənovanın "Konstitusiyamız vətəndaşlarımızın hüquq və azadlıqlarının təminatçısıdır" mövzularında məruzələri dinlənildi.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az