Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-nun bir qrup müəllim və tələbəsi Mingəçevir SES və İES-in fəaliyyəti ilə yaxından tanış oldular
SDU-nun bir qrup müəllim və tələbəsi Mingəçevir SES və İES-in fəaliyyəti ilə yaxından tanış oldular
Aprelin 29-da Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin bir qrup  müəllim və tələbəsi Elektrotexnika və energetika kafedrasının müdiri dosent Nadir Hacıbalayevin rəhbərliyi ilə Mingəçevir Su Elektrik Stansiyası (SES) və Azərbaycan İstilik Elektrik Stansiyasında (İES) ekskursiyada oldular.
Əvvəlcə müəllim-tələbə heyətini Mingəçevir SES-də Texniki təhlükəsizlik şöbəsinin rəisi Əli İbrahimli və hüquqi kadrlarla iş üzrə aparıcı mütəxəssis Eldəniz Məsimov, İES-də  isə müəssisənin direktoru Təhmasib Hüseynov və Texniki təhlükəsizlik şöbəsinin müdiri Aqil Mahmudov qarşılayaraq stansiyalar haqqında geniş məlumat verdilər.
Ekskursiyaçılara Mingəçevir SES-də yenidənqurma işlərinin aparılmasına Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanıldığı, 2010-2017-ci illərdə prosesin davamı olaraq  əsaslı yenidənqurma işlərinin həyata keçirildiyi bildirildi. Hazırda işçi heyətin təhlükəsizliyi baxımından standartlara uyğun olmayan idarəetmə mərkəzinin müasir tələblərə tam cavab verən yeni idarəetmə mərkəzi ilə əvəz edildiyi barədə məlumat verildi. Qeyd olundu ki, 424 MVt gücündə olan Mingəçevir SES-in əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində Prezident İlham Əliyev iştirak edib. Diqqətə çatdırıldı ki, 1955-ci ildə tamamlanan Mingəçevir SES modernləşmədən sonra 360 meqavat tam gücü ilə işə salınıb. Bu isə imkan verir ki, tənzimlənən su qovşağının illik orta su axını 12,5 milyard kubmetr olduqda ildə 1,4 milyard kilovat-saat elektrik enerjisi istehsal edilməsinə, 1,2 milyon hektar məhsuldar torpağın suvarılmasına və balıqçılığın inkişafına imkan verir. Hidroaqreqatlarda və stansiyanın yarımstansiyalarında quraşdırılmış lokal idarəetmə sistemləri stansiyanın mərkəzi idarəetmə sistemi ilə inteqrasiya olunub və enerji sistemi mərkəzi idarəetmə sistemi ilə birbaşa əlaqələndirilib. Ümumilikdə isə, stansiyanın su anbarı öz tutumuna görə uzunmüddətli istifadə üçün kifayət qədər su ehtiyatına malikdir.
1974-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başladılan Azərbaycan İES-də birinci enerji bloku 1981-ci ildə, sonuncu – 8-ci blok isə 1990-cı ildə istismara verilib. O da bildirildi ki, elə həmin vaxtdan stansiya ölkənin elektrik enerjisinə tələbatının qarşılanmasında birinciliyi saxlayıb. 2018-ci ilin iyulunda öz dövrü üçün nəhəng infrastruktur layihəsi olan və respublikanın energetika sistemində xüsusi əhəmiyyəti ilə seçilən stansiyada baş vermiş qəza nəticəsində ölkənin enerji sisteminə ciddi ziyan vurmuşdu. Nəticə olaraq, 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra 2020-ci ildə istifadəyə verilib.
Ekskursiya zamanı Mingəçevir SES, həmçinin İES-də tələbələri maraqlandıran bütün suallar cavablandırıldı.Tələbələr də öz növbəsində yaradılan şəraitə görə minnətdarlıqlarını bildirdilər. 
 
Mətbuat xidməti
 
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az