Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU və 10 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə tədbir keçirildi
SDU və 10 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə tədbir keçirildi
Mayın 2-də Sumqayıt şəhər Cəlil Səfərov adına 10 saylı tam orta məktəbdə SDU-nun Filologiya fakültəsi və həmin məktəbin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev-100” adlı tədbir keçirildi. Tədbirdə SDU-nun Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, dekan müavini Zöhrə Qafarova, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri dosent Böyükxanım Eminli, kafedranın baş müəllimi Əli Rzayev, qonaq qismində Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Günel Zeynalova, Bakı Dövlət Universitetinin dosenti Aydın Məmmədov və 4 saylı uşaq bağçasının müdiri Gülnar Əliyeva iştirak etdilər.  
Tədbiri giriş sözü ilə 10 saylı məktəbin direktoru Səmra Quluzadə açaraq tədbirin mahiyyətini və aktuallığını qeyd edərək bildirdi ki, vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur.
SDU-nun Filologiya fakültəsinin dekanı dosent Sevinc Həmzəyeva, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzayev çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində, mədəniyyətində misilsiz xidmətlərini vurğuladılar. Onlar qeyd etdilər ki, Heydər Əliyevin ömrü Azərbaycanın iyirminci əsr tarixinə müdriklik, vətənpərvərlik, insanlıq, azərbaycançılıq kimi bəşəri dəyərləri bəxş etməklə bərabər, həm də yeni tariximizdə xalq-rəhbər birliyinin yenilməzliyini həqiqətə çevirdi. Xalqına, dininə, dilinə, tarixinə, adət-ənənəsinə sadiq olanların daim yaşayacağını sübut etdi, bəşəriyyət, azad dünya, xoşbəxt gələcək üçün qurub-yaradanların daim xatırlanacağını göstərdi. Heydər Əliyev öz əməli fəaliyyəti ilə nəinki Azərbaycan, insanlıq, bəşəriyyət üçün dəyərli bir tarix yaratdı. Bu, bəşəri ideyaların ölməzliyi, azadlığın, insanlığın, ağıl və təfəkkürün, xalq məhəbbətinin yenilməzliyi tarixidir.
Çıxışçılar bir daha qeyd etdilər ki, tarix zamanın sınaqlarında yaranır. Zaman dəyişsə də, tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir.
Daha sonra məktəbin istedadlı şagirdləri gözəl musiqi nömrələri ifa edib, şeir söylədilər. SDU-nun “Səma” rəqs qrupunun, tələbələrdən Nərmin Qardaşxanlı, Vəfa Məmmədova, Nuşirəvan Quliyev və Lalə Xəlilovanın gözəl çıxışları xüsusi sevgiylə qarşılandı.
Tədbirin sonunda məktəbin istedadlı şagirdlərinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdikləri əl işlərindən ibarət sərgi nümayiş olundu. 
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az