Əsas səhifə | Xəbərlər | Prezidentin sərəncamı tələbələrin sevincinə səbəb oldu
Prezidentin sərəncamı tələbələrin sevincinə səbəb oldu

Bu gün dövlət gənclər siyasəti ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə özünün keyfiyyətcə yeni inkişaf mərhələsini yaşayır. Bunun nəticəsidir ki, bugünkü Azərbaycan gəncliyi cəmiyyət həyatının bütün istiqamətlərində fəal iştirak edir, yüksək intellektli toplum kimi yetişir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edir. Respublikamızda tələbə-gənclər hərəkatı həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətini təşkil edir. Respublikamızın ali və orta ixtisas təhsili müəssisələrində 10 minə yaxın gənc təhsil alır. Tələbə kontingentinin yüksək təhsil alması, beynəlxalq təcrübələrə yiyələnməsi və hərtərəfli inkişafına xüsusi diqqət yetirilir. Gənclərin inkişafı sahəsində görülən işlər sırasında onların elmi potensialının formalaşdırılması və dünyagörüşünün artırılması da diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikasında təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühiti yaratmaq, onların tədris prosesində fəallığını artırmaq və təhsilə marağını stimullaşdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev noyabrın 10-da "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə Sərəncam imzalamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühiti yaratmaq, onların tədris prosesində fəallığını artırmaq və təhsilə marağını stimullaşdırmaq məqsədi ilə qərara alıram:
1. "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 988) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.2-ci və 1.3-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
"1.2. ali təhsil müəssisələrində:
adlı təqaüd alan tələbələrə - 120 manat
magistratura səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 105 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 85 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 55 manat
bakalavriat səviyyəsi üzrə:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 95 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 80 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 50 manat
1.3. orta ixtisas təhsili müəssisələrində:
akademik göstəriciləri 91-100 bal olan tələbələrə - 50 manat
akademik göstəriciləri 71-100 bal olan tələbələrə - 40 manat
akademik göstəriciləri 51-100 bal olan tələbələrə - 35 manat".
1.2. Aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:
"1-1. Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan tələbələrə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə bu sərəncamın 1.2-ci və 1.3-cü bəndləri ilə müəyyən edilmiş məbləğlərdə ödənilsin.".
1.3. 2-ci hissə aşağıdakı redaksiyada verilsin:
"2. Müəyyən edilsin ki, təqaüdlərin ödənilməsi, ali təhsil və orta ixtisas təhsili müəssisələrində ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayı saxlanılmaqla, dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həddində həyata keçirilir.".
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasını 2 ay müddətində hazırlayıb təsdiq etsin;
2.2. bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu sərəncamın 1-ci hissəsi 2016-cı il fevralın 1-dən qüvvəyə minir.
Bu sərəncamdan irəli gələn dəyişikliklərlə bağlı Təhsil Nazirliyində təşkil olunan görüşdə aparat rəhbərinin müavini Yaqub Piriyev, Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov, ali məktəblərin prorektor və dekanları o cümlədən universitetimizin Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev, Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev iştirak edirdilər.
Tədbirdə ""Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn vəzifələr ali məktəb əməkdaşlarına izah olundu.
Bildirildi ki, sərəncama əsasən, ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcəkdir.
Ölkə başçısının imzaladığı bu sənədin Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına müvafiq olaraq, tələbələrə dövlət qayğısını artırmağa, onlarda təhsilə marağı stimullaşdırmağa və təhsilin keyfiyyətini yüksəltmək üçün təhsilalanlar arasında rəqabət mühitini yaratmağa xidmət etdiyi vurğulandı. Yeni qayda tələbə təqaüdünün həqiqi təyinatını özündə əks etdirir və ədalət prinsipinə əsaslanır. Belə ki, sərəncama müvafiq olaraq, birinci yarımildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd təhsil müəssisəsinə cari ildə həmin ixtisas üzrə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı həcmində yüksək akademik göstəriciləri ilə fərqlənənlərə təyin ediləcək.
Qeyd olundu ki, sərəncam, həmçinin bir sıra sosial yönümlü üstünlüklərə malikdir. Belə ki, sərəncamın tətbiqi aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradacaqdır. Bununla yanaşı, qaçqın və məcburi köçkünlər, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər.
Sərəncam təhsilə marağı stimullaşdırmağa və təhsilalanlar arasında rəqabət mühitini yaratmağa imkan verəcəkdir. Bu da öz növbəsində, təhsilin keyfiyyətinin yüksəldilməsinə və keyfiyyətli kadr hazırlığı aparmağa zəmin yaradacaqdır.
Görüşün sonunda ali məktəblərin prorektor və dekanlarını maraqlandıran çoxsaylı suallar cavablandırıldı.

Mətbuat xidməti

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt, Azərbaycan
43cü məhəllə
AZ5008
Telefon: +994-18 642-16-20
Faks: +994-18 642-02-70
E-Mail: info@sdu.edu.az