Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | SDU-da “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında “Qarabağ və Şuşa” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsinə start verildi
SDU-da “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında “Qarabağ və Şuşa” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsinə start verildi
Mayın 15-də Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planının icra edilməsinə əsasən “Orta əsr mənbələrində və müasir dövr tədqiqatlarında Qarabağ və Şuşa” mövzusunda “Ən yaxşı təqdimat” müsabiqəsinə start verildi.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra vətənimizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra “Doğma yurdum Qarabağ” mövzusu ilə bağlı videoçarx nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva XVIII əsrin əvvəllərində “Qafqazın incisi” adlandırılan Şuşa şəhərinin xalqımızın sosial, siyasi və mədəni həyatındakı rolundan bəhs etdi. Qeyd etdi ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri zəngin tarixi inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Bənzərsiz tarixi görkəmini və formalaşdırdığı özünəməxsus mühiti həmişə qoruyub-saxlayan bu şəhər yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə əlamətdar səhifələr yazmışdır. Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Şuşa şəhərinin 28 il erməni işğalında qaldığını, 2020-ci ilin noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edildiyini deyən dekan bundan sonra şəhərdə infrastrukturun qurulmasına, tarix və mədəniyyət abidələrinin bərpasına, Şuşanın əsl tarixi simasının bərpası yönündə nəhəng layihələrin həyata keçirməsinə başlanıldığını və bu sahədə böyük işlər görüldüyünü qeyd etdi və tələbələrə uğurlar arzuladı.
Tədbirin moderatoru Maliyyə və mühasibat uçotu kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Lyudmila İsmayılova  qeyd etdi ki, müsabiqədə iştirak etmək üçün İqtisadiyyat və idarəetmə fakültəsindən 24 tələbə müraciət etmişdir. Müsabiqə 3 mərhələdə həyata keçiriləcək. Hər mərhələdə 8 iştirakçının çıxışları dinləniləcək. Hər turun qalibi münsiflər heyəti: Dünya iqtisadiyyatı və marketinq kafedrasının müdiri dosent Məlahət Pənahəliyeva, Maliyyə və mühasibat uçotu kafedrasının müdiri Loğman Abdullayev, İqtisadiyyat kafedrasının müdiri Lalə Mahmudova və Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynov tərəfindən müəyyən edildikdən sonra final mərhələsinin qalibi müəyyənləşdiriləcək.
Qeyd edək ki, final günündə hər üç turun qalibləri yenidən dinləniləcək və qalib müəyyənləşəcək. Qalibə və final turuna çıxan tələbələrə sertifikat və hədiyyələr veriləcək.
 
Mətbuat xidməti
ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
43-cü məhəllə, Bakı küç. 1
AZ5008
Telefon: +994-18 642-16-20
E-Mail: info@sdu.edu.az